“Ukrayna əks-hücum əməliyyatını daha tez keçirməyi təklif etmişdi. Bunun üçün ABŞ və Avropa İttifaqında silah və sursat istədik, lakin çatdırılmadakı gecikmələrə görə əks-hücum gec başladı”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.
“Bizi dəstəklədiyi üçün ABŞ-a minnətdaram. Amma mən onlara, eləcə də Avropa liderlərinə dedim ki, əks-hücum əməliyyatını daha tez başlamaq istərdik və bunun üçün bizə silah və sursat lazımdır. Niyə? Çünki gec başlasaq, daha yavaş hərəkət edəcəyik”, – Zelenski bildirib.
Onun sözlərinə görə, əks-hücumun gecikməsi qarşı tərəfə fürsətlər yaradıb: “Hamı başa düşürdü ki, əks-hücum gec başlasa, o zaman ərazilərimizin çox hissəsi minalanacaq. Biz düşmənimizə daha çox mina yerləşdirmək və müdafiə xətlərini hazırlamaq üçün vaxt və imkan verdik”.
Ukrayna prezidenti qeyd edib ki, döyüş meydanındakı bütün bu çətinliklər əks-hücumun yavaşlamasına gətirib çıxarır.
Azpost.info