AK Partiyanın Qrup sədr müavini Bülent Turan qatıldığı canlı yayımda narahatlıq keçirən prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı fövqəladə vəziyyətin olmadığını bildirib.
O, “gündə 5 proqram, xüsusi yığıncaqlar və müsahibələr keçirir. Dünənki fövqəladə proses əslində proqramları yenidən nəzərdən keçirmək fürsəti verə bilər” deyib.
Dövlət başçısının səhhəti ilə bağlı AK Partiya sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş da açıqlama verib.
Millət vəkili qeyd edib ki, gərgin iş rejiminə görə prezidentin mədəsində narahatlıq yaranıb. Hazırda vəziyyəti tam qaydasındadır.
Qeyd edək ki, ötən gün Ülke TV və Kanal 7-nin birgə canlı yayımında Ərdoğan özünü pis hiss etmiş, yayım yarımçıq kəsilmiş, qısa fasilədən sonra canlı yayım davam etdirilmişdi. Bundan sonra bəzi yerli KİV-lərdə Ərdoğanın ürəyində ciddi problemlər olması barədə xəbərlər yer almışdı.
Dövlət başçısı özü isə mədə soyuqlaması olduğunu, həkimlərin tövsiyəsi əsasında bir gün istirahət etdikdən sonra sabahdan etibarən seçki kampaniyasına davam edəcəyini açıqlayıb.
Türkiyə hökumətindəki digər mənbələr də Ərdoğanın ürəyində narahatlıq olması barədə xəbərləri təkzib edib. Rəsmi dairələr prezidentin səhhətində ciddi problem olmadığını bildirib.