“ABŞ ilə Rusiya və Çin arasında artan geosiyasi rəqabət “soyuq müharibə”dən sonra yaranmış dünya nizamının sona çatmasından xəbər verir”.
Azpost.info TASS-a istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində çıxışı zamanı deyib.
“İndi qarşılaşdığımız “soyuq müharibə”dən sonrakı nizamın sınağından daha böyük məsələdir. Bu, onun sonudur”, – deyə o vurğulayıb.
Blinken Rusiyanın Ukraynada apardığı müharibəni “beynəlxalq nizama birbaşa və ən kəskin təhdid” adlandırıb.
ABŞ dövlət katibi hesab edir ki, eyni zamanda, Pekin uzunmüddətli perspektivdə ən ciddi problem yaradır. Onun fikrincə, Çin təkcə beynəlxalq nizamı dəyişmək məqsədi daşımır, həm də bunun üçün iqtisadi, diplomatik, hərbi və texnoloji gücünü artırır.
“Moskva və Pekin sərhədsiz tərəfdaşlıq vasitəsi ilə dünyanı avtokratiyalar üçün daha təhlükəsiz yerə çevirmək üçün getdikcə daha çox işləyirlər”-deyə ABŞ dövlət katibi vurğulayıb.
O, bu gün dünyada baş verənləri dönüş nöqtəsi adlandırıb. “Bir dövr başa çatır, digəri başlayır” -deyə Blinken qeyd edib.
Azpost.info