Ərdoğan İsveç və Finlandiyanın NATO-ya yolunu bu şərtlərlə aça bilər –“Bloomberg” açıqladı

İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləmək üçün Türkiyə digər məsələlərlə yanaşı, F-35 pilotlarının təlim proqramına qayıtmağı və Rusiyadan C-400-lərin alınması ilə bağlı sanksiyaların ləğvini tələb edir.

 

Azpost.info xəbər verir ki, “Bloomberg” bu barədə Türkiyənin bir sıra yüksək səviyyəli mənbələrinə istinadən məlumat yayıb.

Daha bir şərt isə bu iki ölkə tərəfindən kürd birləşmələrinin açıq şəkildə pislənməsi və PKK-nın terror təşkilatı kimi tanınmasıdır. Ankara həmçinin İsveç və Finlandiyadan Türkiyənin Suriyadakı əməliyyatı ilə əlaqədar 2019-cu ildən bəri qüvvədə olan və silah tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb edir.

Qeyd edək ki, Finlandiya və İsveç Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra NATO-ya üzv olmaq qərarına gəliblər. Mayın 17-də hər iki ölkə üzvlük üçün rəsmi ərizə təqdim edib. Üzvlük üçün müraciətlərə NATO-nun əsas siyasi idarəetmə orqanı olan Şimali Atlantika Şurasında baxılır. Bundan sonra ölkələrin alyansa üzvlüyü haqqında saziş hərbi-siyasi bloka daxil olan 30 ölkənin hamısında milli səviyyədə ratifikasiya edilir.

 

Mayın 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına “hə” deyə bilməz. O, bunu ölkələrin terrorçuları Türkiyəyə ekstradisiya etmək istəməməsi ilə izah edib. Məlumata görə, İsveç və Finlandiya PKK və FETÖ üzvlərinin ekstradisiyasından imtina edib.

 

Daha əvvəl isə Ərdoğan bildirmişdi ki, Ankara Finlandiya və İsveçin NATO-ya daxil olması ehtimalına müsbət yanaşmır. O, Skandinaviya ölkələrini “terror təşkilatlarının qonaq evləri” adlandırmışdı. Öz növbəsində Finlandiya prezidenti Sauli Niinistö qeyd edib ki, Ərdoğanın açıqlamaları onu çaşdırıb. Çünki Türkiyə lideri telefonla söhbət zamanı ona NATO-ya üzvlük məsələsində dəstək verəcəyini deyib. Niinistö türkiyəli həmkarı ilə üzvlük məsələlərini müzakirə etməyə hazır olduğunu da açıqlayıb.

 

Bu arada, Avropa Parlamentinin ən böyük fraksiyasının lideri Manfred Veber Ankaranı NATO-ya yeni üzvlərin qəbuluna mane olacağı təqdirdə təcrid olunacağı ilə hədələyib. ”NATO-nun birliyinə şübhə edən hər kəs alyans daxilində təcrid olunacaq”, – Veber deyib.

Azpost.info

Əvvəlki məqalə

Putin canlı yayımda vətəndaşların suallarını cavablandıracaq

Sonrakı məqalə

Cəlilabad sakini Bakıda maşından küçələrə “yüz manatlıq” səpdi –