11 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

18 may 2023-cü il tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

XİN-dən bildirilib ki, repatriantların 8 nəfəri uşaq və 3 nəfəri qadındır.

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra isə onların Türkiyə Respublikası ərazisinə keçidinin təmin olunması istiqamətində tədbirlər görülüb.

 

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının Türkiyə Respublikasına ezam edilən nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.

Daha sonra, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi nəticəsində vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin olunub.

Növbəti mərhələdə Azərbaycan hökuməti tərəfindən repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

Əvvəlki məqalə

Bəşər Əsəd Səudiyyə Ərəbistanına gedib

Sonrakı məqalə

Rusiyada raket alimləri xəyanət ittihamı ilə həbs edilib