Ekvadorda narkotacirlərdən müsadirə edilən kokaini betona qatıb tikinti materialı kimi istifadə etməyə başlayıblar.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Kapsullaşdırma üsulu kokain bloklarının digər tullantı məhsulları ilə birlikdə əzilməsini və yaranan tozun qum və su ilə birlikdə sementə əlavə edilməsini nəzərdə tutur: “Əldə edilmiş kokain blokları digər tullantılarla (şüşə, saxlama müddəti ötmüş dərmanlar, hətta neft tullantıları) emal zavodunda əzilir, sonra toz sement, qum və su ilə qarışdırılaraq beton əmələ gətirir”.
Bu üsuldan istifadə edilməsinə səbəb müsadirə edilən narkotiki saxlamağa kifayət qədər yerin qalmamasıdır. Beləliklə, Ekvador ölkə anbarlarına sığmayan narkotik maddələri yox etməyin yeni üsulunu sınaqdan keçirir.
Ekvador polisinin narkotiklərlə mübarizə idarəsinin rəisi Pablo Ramirez deyib ki, bir ton kokainin yandırılması təxminən 12 saat, kapsullaşdırılması isə 3 saatdan az vaxt tələb edir: “Bu prosedur daha ucuz başa gəlir, daha az vaxt aparır və ətraf mühitə daha az təsir göstərir”.
Yaxın vaxtlarda təxminən 83 tona yaxın kokainin əzilərək betona qarışdırılması planlaşdırılır. Əldə edilən materialın tikintidə istifadə olunması planlaşdırılır.
Agentlik yazır ki, Ekvadorda 2021-ci ildə müsadirə edilən narkotiklərin həcmi 210 tonu ötüb ki, bu da bir il əvvəlkindən iki dəfə çoxdur. Ötən il isə ölkə ərazisində 130 tondan çox müxtəlif növ narkotik vasitələr müsadirə edilib və 27 polis anbarı artıq dolub-daşır.
Azpost.info