1982-ci ildə Baş nazir Tetçerə Heydər Əliyevlə bağlı hansı sual verilib? –

Britaniya parlamentində Azərbaycan məsələsi (TARİX)
10 May 2021 - 15:51

1982-ci ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyevin Sovet İttifaqının idarəçiliyində yüksək vəzifəyə təyin edilməsi dünyanın aparıcı dövlətlərinin diqqətindən kənarda qalmayıb.

Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosuna üzv seçilən, Nazirlər Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyevin təyinatı maraqla qarşılanmışdı. Azərbaycanlı ilk dəfə olaraq sovet rəhbərliyinin ən yüksək zirvəsində yer almışdı.

1982-ci il dekabrın 21-də Böyük Britaniyanın parlamentində deputatlar Baş nazir Marqaret Tetçerə çıxışı zamanı Heydər Əliyevin təyinatı və onun bir çıxışı barədə sual ünvanlayıb.

Azpost.info Tetçer Fondunda saxlanılan bu (Hansard HC [34 / 819-24]) stenoqramı araşdırıb.

İngiltərə parlamentinin deputatı Ameri Tetçerə verdiyi sualında ona Heydər Əliyevin bir çıxışını oxumağı məsləhət görür: “Xanım Tetçer, mən SSRİ Baş nazirinin birinci müavini Heydər Əliyevin bu posta təyin edilməmişdən əvvəl etdiyi çıxışı oxumağınızı istərdim. İyun ayında çıxışı zamanı Heydər Əliyev Cənubi Azərbaycanı sovet Azərbaycanı ilə birgə ittifaq qurmağa çağırıb. Bu çıxışın nəticələrini necə qiymətləndirə bilərsiniz?”– deyə deputat baş nazirə sual verib.

Marqaret Tetçerin cavabı maraqlıdır.

Baş nazir deyib ki, Azərbaycan tarixdə mühüm yer tutub: “Biz Azərbaycanın SSRİ-yə birləşdirilməsinə qarşı müqavimət göstərdik və Azərbaycan bu baxımdan tarixdə mühüm yer tuturdu”.

Tetçer bununla 1946-cı ildə İranda elan edilmiş Pişəvəri hərəkatına işarə edərək Cənubi Azərbaycanın şimalla birləşdirilməsi ilə bağlı aparılmış prosesi şərh edib: “Mühafizəkarlar partiyası belə birləşməyə qarşı qətiyyətlə müqavimət göstərəcək”-deyə Tetçer çıxışında vurğulayıb.

Britaniyalı deputatın Heydər Əliyevin hansı çıxışını nəzərdə tutduğu aydın deyil. Çox güman ki, bu Heydər Əliyevin Azərbaycan Demokrat Firqəsi ilə bağlı çıxışlarından götürülüb.

Mərhum Heydər Əliyev Marqaret Tetçerlə 1995-ci ilin oktyabrında müstəqil Azərbaycanın prezidenti olaraq canlı olaraq görüşüb.

BMT-nin 50 illik yubileyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka gəlmiş Heydər Əliyev Britaniyanın baş naziri C. Meycor, Fransa prezidenti J.Şirak, İsrailin baş naziri İ.Rabin, ABŞ dövlət katibi M.Olbraytla müzakirələr aparıb.

İqamətgahı Nyu-York otellərinin birində yerləşən H.Əliyevin görüşünı Tetçer də gəlib. Burada onun Heydər Əliyevlə qapalı görüşü keçirilib.

Məşhur rusiyalı telejurnalist Andrey Karaulov müsahibəsində qeyd edir ki, həmin görüşdə Tetçer Heydər Əliyevə Qarabağ probleminin həllini yüz il təxirə salmağı təklif edib.

Bu təklif Heydər Əliyev tərəfindən özünməxsus jestlə rədd edilib. H. Əliyev Tetçerə Folklend adalarına görə Britaniyanın Argentina ilə müharibəyə 10 min ordu göndərdiyini, İrlandiyada separat hərəkatı yatırtmaq üçün hərbi gücdən istifadə etdiyini xatırladıb. Tetçer heç nə deyə bilməyib.

Tetçer bundan əvvəl -1992-ci ilin sentyabrında Bakıya işgüzar səfər edib. Bu səfər “Britiş Petrolium”un Azərbaycanla bağlamaq istədiyi neft müqavilələrinə dəstək məqsədi daşıyıb.

Britaniya ilə Azərbaycanın siyasi münasibətləri 90-cı illərdən başlayaraq yüksələn xətlə inkişaf edib.

1993-cü ilin oktyabrında Azərbaycana səfərə gələn Böyük Britaniyanın dövlət naziri Duqlas Hoqq Azərbaycanın prezidenti Heydər Əliyevin andiçmə mərasimində iştirak edib. O, Bakıda bir daha Birləşmiş Krallığın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi saydığını elan edib.

Prezident Heydər Əliyev 22-25 fevral 1994-cü ildə ilk dəfə həmin ölkədə rəsmi səfərdə olub. Səfər zamanı o ölkənin Baş naziri Con Meycor, xarici işlər və birlik işləri üzrə naziri Duqlas Hördlə görüşərək danışıqlar aparıb. Bu səfərdə Heydər Əliyev və Con Meycor iki ölkə arasında əməkdaşlıq məsələlərini tənzimləyən başlıca sazişi – Azərbaycan Respublikası və Böyük Britaniya arasında “Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə”ni imzalayıblar.

Heydər Əliyev həmin səfəri zamanı Britaniyanın Kral Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycanla bağlı geniş nitq söyləyib. O, ölkənin böyük şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirərək onları əməkdaşlıq üçün Azərbaycana dəvət edib.

Londonda aparılan danışıqlar və bağlanılan sazişlərdən sonra 20 sentyabr 1994-cü ildə Bakıda Böyük Britaniyanın “BP” şirkətinin ən çox paya malik olduğu ARDNŞ-lə xarici neft şirkətləri konsorsiumu arasında “Əsrin müqaviləsi” adlanan neft sazişi bağlanıb.

X.SƏFƏROĞLU

Azpost.info