1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? –

FOTOXRONİKA
25 Noyabr 2021 - 21:14

SSRİ-də “Qorbaçov era”sında başlanmış demokratik hərəkatın avanqard qüvvəsi Pribaltika olub. Baltik ölkələrində yaranan Xalq Cəbhəsi modeli  bütün ölkə boyu yayılaraq sovet respublikalarında alternativ qüvvəni təşkil edən əsas təşkilata çevrildi.

Azərbaycanda təşəkkül tapan demokratik qüvvələrin 1990-cı illərin əvvələrində Pribaltika ölkələrində fəaliyyət göstərən ictimai-siyasi qurumlarla əlaqəsi olub.

Baltik ölkələri hətta o zaman Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etmək üçün Ermənistan və Azərbaycandakı siyasi qüvvələri arasında görüş təşkil ediblər.  

1990-cı ilin fevralın 3-4-də Lativiyanın paytaxtı Riqa şəhərində Azərbaycan Xalq CəbhəsininLevon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Ümumillli Hərəkatının nümayəndələri arasında belə danışıqlar aparılıb.

Siyasi məsləhətləşmələr Baltik Şurasının vasitəçiliyi keçirilib. Burada erməni-azərbaycanlı konfliktinin dinc yolla həlli ilə bağlı müzakirələr aparılıb.

Danışıqlarda Latviya Xalq Cəbhəsinin sədri Daynis İvans moderatorluq edib.

 

FOTO: Lativiya Xalq Cəbhəsinin sədri Daynis İvans görüşü açır

Azərbaycanı bu danışıqlarda Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri Sabit BağırovHikmət Hacızadə təmsil edib.

Həmin illərdə əsas siyasi qüvvə sayılan Azərbaycan Xalq Cəbhəsi Qarabağ münaqişəsində SSRİ rəhbərliyinin tutduğu birtərəfli və qərəzli siyasətə etiraz edib və keçirilən çox milyonlu aksiyaların təşkilatçısı olub.

Riqada keçirilən görüş 20 yanvar faciəsindən 14 gün sonra baş tutub. Bu baxımdan Ermənistan nümayəndələri ilə təmaslar maraqlıdır. Görüşdə AXC nümayəndələri Yerevanın Dağlıq Qarbağa olan ərazi iddialarını qəbul etmədiklərini bildiriblər və bu münaqişənin ümumi Qafqaz evinin qurulmasına ciddi problem yaratdığını açıqlayıblar.

Maraqlıdır ki, Ermənistan Ümummilli Hərəkatı 1990-cı ilin yanvarında Bakıya sovet ordusunun yeridilməsini pisləyən bəyanat verib.

FOTO: Görüşdən sonra AXC nümayəndəsi Hikmət Hacızadə jurnalistlərin suallarını cavablandırır

 

EÜH həmin bəyanatında deyilir ki, Mərkəzi hakimiyyət Azərbaycanda radikal tədbirlərə əl atıb: “Bu qərar respublikanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə deyil, yalnız sovet hakimiyyəti üçün yaranmış ciddi təhlükənin qarşısını almaq üçün qəbul edilib. Biz hesab edirik ki, baş vermiş hadisə Azərbaycan respulikasının suveren hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu, gələcəkdə digər ittifaq respublikalarının taleyində mənfi əksini tapacaq”.

Bu Bəyanat o zaman ciddi rezonans doğurmuş, sovet rəhbərliyi üçün də gözlənilməz olmuşdu.

22 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində Bakıda baş vermiş qanlı hadisələrlər bağlı sovet və xarici jurnalistləri üçün mətbuat konfrasnı keçirən AXC İdarə Heyətinin üzvü Etibar Məmmədov “Erməni Ümumilli Hərəkatının bu bəyanatını necə qiymətləndirirsiniz?” sualına cavabında “çox müsbət” cavabını vermişdi: “Mən sağlam düşüncənin emosiyaya qalib gələcəyini gözləmirdim”.

Görünür EÜH-ün bəyanatı Riqada keçirilən bu görüşün bir səbəbi olub.

FOTO: AXC İdarə Heyətinin üzvləri Sabit Bağırov və Hikmət Hacızadə görüş zamanı

Lakin bu təmaslar uğurlu olmayıb. 1990-cı ilin mart ayında SSRİ respublikalarında Ali Sovetlərə seçkilər keçirilməli idi. 20 yanvar qırğını ilə seçkilərdə qalibiyyəti şübhə doğurmayan AXC SSRİ-nin güc strukturları tərəfindən amansız təqiblərə məruz qaldı, rəhbərlik həbs edildi, təşkilat qeyri-leqal fəaliyyətə keçməyə məcbur oldu. Beləliklə AXC-nin seçkilərə qatılmaq imkanlarının qarşısı alındı. Ermənistanda isə əksinə Erməni Ümumilli Hərəkatı seçkilərdə parlaq qələbə qazandı və Levon Ter-Petrosyan müxalifət rəhbəri kimi Ermənistan Ali Sovetinin sədri seçildi. Məhz həmin ildən başlayaraq Dağlıq Qarabağda erməni silahlı dəstələrinin fəallığı artdı və Qarabağ münaqişəsinin aktiv silahlı mərhləsi başladı.

Azpost.info