Aprelin əvvəlindən indiyədək 33 ölkədə (650 uşaqda) mənşəyi məlum olmayan kəskin hepatit aşkarlanıb. Ən çox yoluxma Britaniyada (222) və ABŞ-da (216) qeydə alınıb.
Azpost.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. İnfeksiyanın aşkarlandığı ölkələr arasında Argentina, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Kipr, Danimarka, Fransa, Yunanıstan, İndoneziya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Maldiv adaları, Meksika, Moldova, Niderland, Norveç, Fələstin, Panama, Polşa, Portuqaliya, Cənubi Koreya, Rumıniya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, İspaniya və İsveç var.
Almaniya və Rusiyada hələ ki yoluxma qeydə alınmayıb. Avropa İttifaqında 75-dən çox yoluxma halı 5 yaşa qədər uşaqlarda baş verib. ÜST-ün hesabatına görə, nəticədə uşaqlarda kəskin qaraciyər çatışmazlığı inkişaf edir: “Uşaqların altı faizi qaraciyər transplantasiyasına ehtiyac duyub və doqquz uşaq ölüb”. Mütəxəssislər hələ də infeksiya mənbəyini və patogenin ötürülmə üsullarını təyin edə bilməyiblər. Bəzi xəstələrdə adenovirus və ya koronavirus aşkar edilib. Ancaq hepatitin bu virusların yan təsiri olaraq meydana gəldiyinə dair heç bir sübut yoxdur. ÜST bu hipotezi öyrənməyə davam edir. Həkimlər naməlum hepatitə ilk yoluxma hallarını aprelin əvvəlində müəyyən ediblər.
Azpost.info