ABŞ hökuməti Rusiya hərbçilərini Ukraynada hərbi cinayətlər törətməkdə ittiham etmək üçün sübutlar toplayıb.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken açıqlama verib. Onun sözlərinə görə, Vaşinqton mövcud olan məlumatlara əsaslanaraq Rusiya silahlı qüvvələrinin Ukraynada hərbi cinayətlər törətdiyi qənaətinə gəlib.
Blinken Rusiya hərbçilərini evləri, məktəbləri, xəstəxanaları, kritik infrastrukturu, mülki avtomobilləri, ticarət mərkəzlərini və təcili yardım maşınlarını dağıtmaqda, həmçinin minlərlə dinc sakini öldürməkdə və yaralamaqda ittiham edib: “Fərq qoymadan atəşə tutmaq, mülki şəxslərə hücumlar və digər cinayətlərə dair kifayət qədər etibarlı sübutlar var. ABŞ-ın qənaəti həm açıq mənbələrdən, həm də kəşfiyyat orqanlarından alınan məlumatlarına əsaslanır”.
Blinken bildirib ki, Birləşmiş Ştatlar müharibə cinayətləri ilə bağlı məhkəmə araşdırması aparmaq niyyətindədir. ABŞ-ın beynəlxalq ədalət üzrə xüsusi nümayəndəsi Bet van Şaak Vaşinqtonun Ukrayna ərazisində mümkün hərbi cinayətlər barədə məlumat topladığını və bu məlumatların beynəlxalq təşkilatlara və xarici dövlətlərə ötürüləcəyini deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı yekun qərarı məhkəmələr verəcək.
Azpost.info