ABŞ prezidentindən 10 dollar istəyən 14 yaşlı Fidel Kastro –

SSRİ-nin əfsanəyə çevirdiyi Kuba lideri- "FOTOXRONİKA"
09 İyul 2021 - 10:20

Azpost.info “Fotoxronika” rubrikasında yeni şəkli təqdim edir:

FOTO: Ağzında şirniquş olan 14 yaşlı yeniyetmə Fidel Kastro Santyaqo katolik məktəbində sinif yoldaşları ilə…
Kuba. 1940-cı il.

Kuba inqilabının gələcək lideri Fidel 14 yaşı olanda ABŞ prezidenti Rüzveltə məktub yazıb və ona 10 dollarlıq əskinas göndərməyi xahiş etmişdi.
“Əziz dostum, mən heç vaxt 10 dollarlıq yaşıl əskinas görməmişəm”-deyə Kastro ABŞ prezidentinə yazmışdı.

1975-ci ildə bu məktubla bağlı “Assoşeyted Press”ə danışan Kastro deyib ki, ABŞ prezident Administrasiyası cavab məktubu yazsa da 10 dolları göndərməyiblər.

Sovet əfsanələrindən biri olan 90 yaşını keçən Fidel Kastro 2016-cı ildə öldü.
Artıq heç kim qalmamışdı. Xruşşovu devirib pensiyaya göndərmişdilər, Kennedini 60 il əvvəl öldürdülər, Brejnevi 1982-ci ildə guppultu ilə qəbrə atdılar.
Mixail Qorbaçov isə Fideli əfsanəyə çevirən SSRİ-ni gülə-gülə dağıtdı…
Çe Gevara isə çoxdan mayka üçün brendə çevrilib.
Tənha Fidel 21-əsrdə “Sehirli xalat” filmində gələcəkdə şüşə altında oturan xan kimi görünürdü. O, 50-60-70-ci illəri tarixdən oxuyan nəsil üçün ekzotik babaya dönmüşdü.
Fidel bu dövranda qərib idi…