ABŞ 40-a yaxın ölkənin Ciddədə Ukrayna sülh formuluna həsr olunmuş danışıqlarını “konstruktiv” adlandırıb.
Azpost.info xəbər verir ki, bu barədə “Əl Arabiya” məlumat yayıb.
“Bu, Ukraynada ədalətli və davamlı sülhün dəstəklənməsi üçün fikir mübadiləsi aparmaq, müharibəyə necə son qoymağı müzakirə etmək və praktiki imkanları nəzərdən keçirmək üçün yaxşı və konstruktiv söhbətlər silsiləsi idi”, – ABŞ rəsmisi bildirib.
O, həmçinin danışıqlara ev sahibliyi etdiyinə görə Vaşinqtonun Ər-Riyada minnətdarlığını ifadə edib: “Biz 40-dan çox ölkənin danışıqlarda iştirak etməsindən və Ukrayna ilə bağlı fikir mübadiləsi aparmaq imkanı əldə etməsindən məmnunuq”.
Rəsmi bildirib ki, bu danışıqlarda ABŞ nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan başçılıq edib.
Ciddədə keçirilən iki günlük sammitdə BRİKS üzvləri, Hindistan və Çin də daxil olmaqla 40-dan çox ölkədən yüksək səviyyəli rəsmilər və diplomatlar iştirak edib. Rusiya sammitə dəvət olunmayıb.
Azpost.info