ABŞ və Rusiya müharibə etsə günəş 10 il görünməyəcək

19 Avqust 2019 - 17:32

 

 

 

ABŞ və Rusiya genişmiqyaslı atom müharibəsinə başlasa, bu qarşıdurmanın nəticələri Yer kürəsində 10 illik nüvə qışına səbəb ola bilər.

Bu barədə “Daily Mail” yazır.

“Nüvə partlayışlarının səbəb olduğu yanğınlar, çox güman, 147 milyon tona yaxın hisin tullantı kimi atmosferə yayılmasına gətirib çıxaracaq.  Strastosfer qatındakı küləklər nəticəsində hissəciklər bir neçə həftə ərzində bütün yer kürəsini əhatə edəcək. Bu da planetdə uzunmüddətli nüvə qışına səbəb olacaq. Günəş işığının qarşısını alan his buludları orta temperaturun 16,2 F (9 C) düşməsinə gətirib çıxara bilər. Ekspertlərin proqnozlarına əsasən, his buludunun təmizlənməsinə təxminən 7, günəş işığının normal səviyyəyə qalxması üçün isə daha 3 il lazım gələcək. Nüvə müharibəsi nəticəsində atmosferdə yağıntı miqdarları kəskin şəkildə azala, El-Ninyo isti okean cərəyanının dövründə dəyişikliyin xeyli artmasına səbəb ola bilər”, – məqalədə deyilir.

Nyu Cersidə yerləşən Qutgers Universitetinin atmosfer elmləri üzrə mütəxəssisi Coşua Kup (Joshua Coupe) və onun həmkarları “Whole Atmosphere Community Climate Model” adlı qabaqcıl sistemdən istifadə edərək geniş miqyaslı nüvə müharibəsində iqlimin reaksiya modelini yaradıblar. Onlar öz nəticələrini bu qəbildən olan atom müharibə ssenarisinin yeganə hərtərəfli iqlim modelinin nəticələri ilə müqayisə ediblər. Qeyd edək ki, sonuncu 2007-ci ildə NASA-nın nəzdində fəaliyyət göstərən Qoddar Kosmik Araşdırmalar İnstitutu tərəfindən yaradılıb. Yeni model daha yüksək buraxıcılıq dərəcəsi ilə işləyir, Yer səthindən 140 kilometrədək atmosferə təsiri nəzərə alır ki, bu da NASA-nın modelində nəzərdə tutulan məsafədən 60 kilometr çoxdur.

Modellər yekdilliklə ABŞ və Rusiya arasında böyük miqyaslı nüvə müharibəsinin ardınca nüvə qışının gələcəyini göstərir. Kup və həmkarları aşkar ediblər ki, havada bərk hissəciklərin hərəkətini daha mürəkkəb təsvir edən yeni modelə əsasən, his buludu NASA-nın köhnə modelində nəzərdə tutulan vaxtdan daha tez təmizlənəcək, amma iqlimin reaksiya dərəcəsi olduğu kimi qalacaq.

Eyni zamanda yeni model temperaturun daha çox aşağı düşəcəyini, habelə nüvə hücumlarından sonra ilk bir neçə ildə qlobal yağıntıların azalacağını proqnozlaşdırır. Bundan başqa, Şimal qütbü ətrafında dövr edən hava axınını hərəkətə gətirən şimal qütb burulğanı müharibədən sonrakı birinci ildə güclənəcək, həm Arktikada, həm şimali Avrasiyada normal temperaturdan yüksək, lakin mənfi temperatur yaradacaq.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, genişmiqyaslı nüvə hücumu həmin hücumu həyata keçirmək qərarına gələn ölkə üçün intihara bərabər addım olar. ABŞ və Rusiyanın nüvə silahından istifadə etməsi bütün dünyada fəlakətə səbəb ola bilər. Doktor Kup və həmkarları əlavə edib ki, qərar qəbul edən şəxslərin nüvə müharibəsinin iqlimə təsirləri haqqında tam məlumatlı olmaları son dərəcə önəmlidir. Nəticə etibarilə, nüvə arsenallarını məhdudlaşdırmaq, bütün nüvə ölkələrində silahların məhv edilməsi lazımdır.

Xpressa.net