Ağır atletika üzrə çempion olmuş dirijor Niyazi –FOTOLAR

Məşhur dirijor və korifey bəstəkarımız  Niyazi gənc yaşlarında ağırlıqqaldırma ilə məşğul olub.
Azpost.info bildirir ki, bununla bağlı rekord.az saytının rəhbəri Kənan Məstəliyev sosial şəbəkədə maraqlı sənəd paylaşıb.
Niyazi “Dinamo” cəmiyyətinin bu idman növü üzrə yarışlarında birinciliklər qazanıb, 16-18 yaşlarında yüngül çəki dərəcələrində Bakı və Azərbaycan çempionatlarında iştirak edib, yüksək nailiyyətlər əldə edib.
Sonradan konservatoriyaya daxil olan və əsasən musiqi ilə məşğul olan incəsənət xadimi idmandan ayrılmayıb.
Niyazi II Dünya Müharibəsindən sonra 1948-1955-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin bədən tərbiyəsi və idman idarəsinin Respublika ağır atletika bölməsinin sədri (indi analoji vəzifə Azərbaycan Ağır Atletika Federasiyasının prezidentidir) vəzifəsində çalışıb.
Ona həmçinin Azərbaycan SSR Səhiyyə Nazirliyinin bədən tərbiyəsi və İdman İdarəsinin tərəfindən ağır atletika idman növü üzrə Respublika dərəcəli hakim adı da verilib.
Uzun müddət bu postu tutan Maestro bir çox idmançının yetişməsinə, onların İttifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək edib.
Təqdim olunan fotoların birində 1929-cü ildə ağır atletika idmanı üzrə Ümumi Bakı ictimai yarışında iştirakı zamanı, 2-ci yeri tutduğuna görə Bakı Bədən Tərbiyəsi Şurası tərəfindən Maestroya verilən diplomdur. Digər fotolarda Maestronun məşq etdiyi məqam, həmçinin hakim və rəhbər olduğunu təsdiq edən vəsiqələri əks olunub.
Bu şəkillər ictimaiyyət üçün ilk dəfə yayınlanır.
Əvvəlki məqalə

Fransa Rusiyaya sanksiyalar tətbiq edəcək

Sonrakı məqalə

Külək Xırdalanda məktəbin damını qopardı –