Avropa İttifaqının (Aİ) bir sıra ölkələri Fransa prezidenti Emmanuel Makronun Ukraynadakı münaqişə bitdikdən sonra Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsinin zəruriliyi ilə bağlı bəyanatına qarşı çıxıb.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fransa liderinin sözlərindən sonra demarş Latviya, Litva, Estoniya, Slovakiya və Polşa tərəfindən edilib.
Makron Ukraynada münaqişə bitdikdən sonra nə baş verəcəyi, xüsusən də münaqişənin bütün iştirakçıları üçün təminat verəcək yeni təhlükəsizlik arxitekturası haqqında düşünməyi təklif edib. O xatırladıb ki, Rusiya lideri Vladimir Putin dəfələrlə NATO-nun Rusiyanın “qapısına” gələcəyindən ehtiyat etdiyini dilə gətirib.
“Avropanın gələcək təhlükəsizlik arxitekturasında Rusiya üçün zəmanətlər olmalıdır. Söhbət, xüsusilə Rusiya prezidenti Vladimir Putinin NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması, onu təhdid edə biləcək silahlar yerləşdirməsi barədə sözlərindən gedir. Bu məsələ sülhlə bağlı müzakirələrin bir hissəsi olacaq. Biz Ukrayna münaqişəsindən sonra baş verənlərə hazırlaşmalıyıq və müttəfiqlərimizi necə qoruya biləcəyimizi düşünməliyik. Eyni zamanda, danışıqlar masasına döndükdə Rusiyaya təhlükəsizliyi üçün zəmanət verməliyik”, – Makron deyib.
Azpost.info