Ali Sovetdə Vəzirovla AXC-nin 1989-cu ildəki məşhur davası –

“Nəcəf, xuliqanlıq eləmə...Etibar, bura gəl...Tətil” (VİDEO)
15 Oktyabr 2019 - 01:35

1989-cu ilin sentyabrında Azərbaycan SSRİ Ali Soveti iqtisadi süverenlik haqqında qanun qəbul etdi.  Bu SSRİ məkanında ilk belə fakt idi. Qanuna görə, Azərbaycanın sərvətləri onun icazəsi olmadan Mərkəzə göndərilə bilməzdi.

Azpost.info bildirir ki, həmin iclas zamanı böyük rezonans doğuran qalmaqalla yadda qaldı. Ali Sovetin sessiyasına dəvət almış Azərbyacan Xalq Cəbhəsinin rəhbərliyi hakimiyyətlə müzakirə edib razılaşdırdığı qanun layihəsinin qəbul edilməməsinə etiraz olaraq iclasın dayandırılmasına nail oldular.

İnternetdə Azərbaycan SSR Ali Sovetinin həmin iclasının videoxronikası yerləşdirilib.

Ali Sovetin Rəyasət Heyətinin sədri Naim Fətəliyevin sədrlik etdiyi iclasda Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirov, ikinci katib Viktor Polyaniçko, partiyanın ideologiya şöbəsinin rəhbəri Telman Orucov iştirak edir.

AXC rəhbərlərindən Zərdüşt Əlizadə, Etibar Məmmədov, Ələkrəm Hümmətov, Leyla Yunusova, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Sabit Bağırov iclasda iştirak edir.

Tribunada layihənin dəyişdirilməsinə etiraz edən “Molodyoj Azerbaydjana” qəzetinin baş redaktoru Nəcəf Nəcəfovun çıxışını Ə. Vəzirov kəsir və tribunaya qalxır.

Rus və Azərbyacan dilində qarışıq danışan Vəzirov Nəcəfovdan tribunadan kənara çəkilməsini tələb etsə də o, bunu yerinə yetirmir və onların mübahisəsi başlanır. Vəzirov ona “çəkil, sən mənə mane olursan” desə də Nəcəfov yerindən tərpənmir.

Nəcəfov daha sonra uca səslə “bəsir daha…Yoldaşlar, Şuşada müharibə gedir, Qarabağda müharibə gedir. Biz burda layihə qəbul edirik. Burada isə sənəd qəbul olunacaq” -deyə salona səslənir. V.Polyaniçko Nəcəfova yaxınlaşır. N.Nəcəfov onun əlini itələyir. Bu zaman  Vəzirov rus dilində “xuliqanlıq eləmə…” deyir.

Bundan sonra Etibar Məmmədov tribunaya yaxınlaşır və “bütün xalq eşitsin. Bu sənəd qüvvəsini itirdi… Sabah səhərdən Azərbaycan üzrə tətil başlanır. Bu rəhbərlik istefaya getməyənə qədər davam edəcək”- bəyan edir.

Vəzirov “görürsünüzmü nə baş verir? Mən respublika prokuroruna bunu nəzərə almağı xahiş edirəm” deyir.

“Bunlara ancaq Azərbaycan xalqını dağıtmaq lazımdır. Onlar nə tələb ediblər biz hamısı yerinə yetirmişik. Zərdüşt 10 dəqiqə əvəvl məni qucaqlayırdı.”

Bundan sonra Vəzirov o zaman üçün məşhur olan ifadəsini işlədir: “Tovariş Azəerbaydjanskiy narod… Mənim xalqım! Sənə müraciət edirəm. Ya özümüzü qoruycağıq, ya da… Xalq üçün heç nə eləməyənlər nə ilə məşğuldur? Ancaq çıxın mitinqə, çıxın tətilə. Bütün məsələlərə bağlı əlimizi uzatmışıq. Çıxıram məni qucaqlayırlar, o biri iki nəfər deyir bunu eliyin.  Belə iş olar? Nə qədər olar? Yoldaşlar, gəlin işləyək. Fasilə onun üçündür..Bütün məsələləri həll eləmişik. Daha nə istəyirsiniz? İndi deyirlər gərək höküməti alaq əlimizə…O zaman Ali Sovet qərar versin bu adamlarda nə edək? Məsuliyyət… Fasilə verək, mən bu adamlarla yenə danışım…”

Bundan sonra fasilə elan edilir.

Kadrlarda o dövrün gərginliyi hiss olunur.