AMEA-da hesabatları vitse-prezidentlər edəcək

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Ümumi yığıncaqda çıxış edib.

Akademik 2021-ci ilin elm sahəsində bir sıra hadisələrlə yadda qaldığını, respublikanın elmi müəssisələrində çalışan alimlərin fundamental və tətbiqi tədqiqatlarını davam etdirdiyini, elmi və elmi-təşkilati fəaliyyət sahələrində bir sıra mühüm nəticələr, uğurlar əldə etdiklərini diqqətə çatdırıb:

“Bu il Ümumi yığıncağın formatına müəyyən dəyişiklik edilib, əvvəlki illərdən fərqli olaraq, hesabatlar Akademiyanın akademik-katibi tərəfindən deyil, bölmələrə rəhbərlik edən vitse-prezidentlər tərəfindən təqdim olunacaq”. O, dəyişikliyin əsas məqsədinin Akademiyanın əsas aparıcı strukturu olan bölmələrin müxtəlif elmi istiqamətlər üzrə həyata keçirdikləri elmi-tədqiqatları və təşkilati işləri daha müfəssəl təqdim etmək, daha səmərəli müzakirələr keçirmək olduğunu deyib.

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixinin respublikada “Elm günü” olaraq müəyyən edildiyini xatırladan AMEA rəhbəri son illər koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərə görə, “Elm günü”nün lazımi səviyyədə qeyd edilməsinin mümkün olmadığını söyləyib:

“Bu il pandemiya ilə bağlı karantin rejimi şərtləri yumşaldığı üçün AMEA-nın elmi bölmələri, müəssisə və təşkilatları tərəfindən təqdim olunan təkliflər əsasında “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanıb. Bu tədbirlər elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi və s. istiqamətləri əhatə edir”.

Akademik Arif Həşimovun giriş nitqindən sonra AMEA-nın elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatları dinlənilib. (APA)

Əvvəlki məqalə

Bakıda ata 1 yaşlı oğlunu pəncərədən həyətə tullayıb –

Sonrakı məqalə

Maaş az olduğuna görə, alimlər AMEA-nı tərk edir –