Azərbaycan boksçusu dünya çempionu olub

05 Noyabr 2021 - 23:44

Azərbaycan boksçusu Alfonso Dominqes dünya çempionu tituluna yiyələnib.

Apasport.az saytının məlumatına görə, o, bu uğura Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda imza atıb.

6 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 (28:29, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanan Asif Axundov klubunun üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təşkilatçılar tərəfindən çempion üçün xüsusi kəmərə və 100 min dollar mükafata da sahib olub.

Tokio-2020-nin bürünc medalçısı həlledici görüşədək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev və kubalı Ruis Kordobanı məğlub edib.

Beləliklə, Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Dominqesin qızıl mükafat qazandığı mundialda Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 3-cü yeri tutub. Bürünc medalçılara 25 min dollar mükafat verilib.

Qeyd edək ki, 88 ölkədən 510 boksçunun mübarizə apardığı dünya çempionatına sabah yekun vurulacaq.