“Azərbaycan MDB-də minimum pensiyanın alıcılıq qabiliyyətinə görə birinci yerdədir”

- Sahil Babayev
16 Yanvar 2020 - 12:42

“Azərbaycan BMT-nin əsas iştirakçılarından biridir. Azərbaycan BMT-yə töhfə verməklə yanaşı, dəstək almağa da çalışır”.

Bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, sosial sahənin inkişafı ölkənin ümumi inkişafı ilə əlaqəlidir: “Bu əlaqə dayanıqlı inkişafda özünü göstərir. Dayanıqlı maliyyə təminatı olmadan dayanıqlı inkişaf da mümkün deyil. Azərbaycanda Prezidentin təşəbbüsü ilə sosial sahədə böyük islahatlar aparılıb. Bu, sosial təminata, əhalinin rifahına dair tədbirlər idi. Ötən il qəbul edilən zərf ölkə əhalisinin 42 faizinin gəlirlərinə birbaşa təsir etdi. Ölkədə minimum əməkhaqqı 92 faiz, minimum pensiya 72 faiz, bütün müavinətlər isə 100 faiz artırılıb. Devalvasiyadan zərərçəkən borcluların vaxtı keçmiş kreditlərinin ödənilməsi ilə bağlı paket qəbul edilib”.

Nazir qeyd edib ki, hazırda Azərbaycan MDB məkanında minimum pensiyanın alıcılıq qabiliyyətinə görə 1-ci, minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə isə 2-ci yerdədir(apa).