Milli Məclisin deputatı Fazil Mustafaya edilən sui-qəsd cəmiyyətdə geniş rezonans doğurub. Siyasi partiya rəhbəri və millət vəkilinə güllə atılması birmənalı olaraq ölkədə qarışıqlıq salmaq istəyən qüvvələrin dövlətə qarşı olan niyyətini ifadə edir.
Azpost.info bildirir ki, son 32 ildə Azərbaycan parlamentinin bir sıra üzvləri sui-qəsdlər nəticəsində həyatlarını itiriblər.
SSRİ-nin son ilində -1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatlarını da bu sıraya əlavə etsək acılı-ağrılı mənzərənin şahidi oluruq.
1990-cı ildə Ağdam rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilən Eldar Bağırov 1991-ci ildə Bakıda – Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Eldar Bağırov Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qardaşıdır.
İki deputat, Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri Aydın Məmmədov və Dilarə Əliyeva 1991-ci il aprel ayının 19-da müəmmalı avtomobil qəzasında faciəli şəkildə həlak olublar.
Azərbaycan Ali Sovetinin deputatı Zülfü Hacıyev 1991-ci il 20 noyabrında Qarakənd yaxınlığında dövlət xadimlərinin olduğu vertalyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində həlak olub. O, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışıb. Zülfi Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son vaxtlar isə həmin komitəyə sədrlik edirdi.
Müstəqil Azərbaycan parlamentinin bir sıra üzvləri də sui-qəsdlə öldürülüb.
1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxski 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsd nəticəsində odlu silahla qətlə yetirilib.
Birinci çağırış Milli Məclisinin deputatı olan Ə.Ansuxski uzun illər Balakəndə rəhbər vəzifələrdə çalışıb.
Sovet İttifaqı Qəhrəmanı, akademik, deputat Ziya Bünyadovun da taleyi faciəli olub. Birinci çağırış Milli Məclisin deputatı seçilən Z.Bünyadov seçkilərdən 2 il sonra öldürülüb. 1997-ci ildə yaşadığı evin girişində qətlə yetirilən deputatın ölümü Azərbaycan cəmiyyətini şoka salmışdı.
Azərbaycanın tanınmış dövlət və siyasi xaddimi Afiyəddin Cəlilov da Milli Məclisin qətlə yetirilən sabiq deputatlarındandır. 1992-ci ildən Milli Məclisi sədrinin müavini olmuş Afiyəddin Cəlilov Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak edib. Parlamentin sabiq sədr müavini 1994-cü il sentyabrın 29-da qətlə yetirilib.
Azpost.info