Azərbaycana dəstək verən müsəlman bloku –

30 il əvvəl Şeyxülislam ölkəmizi İƏT-ə necə üzv edib? (TARİX)
08 Dekabr 2021 - 16:10

Dekabrın 8-də Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyünün 30 ili tamam olur.

Bununla bağlı Xarici işlər Nazirıiyinin yaydığı bəyanatda deyilir ki,  İƏT-lə əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərinə daxilidir.

1991-ci ilin dekabrın 8-də İslam Əməkdaşlıq Konfransının Zirvə görüşündə təşkilata tamhüquqlu üzv seçilən Azərbaycan, keçmiş sovet respublikaları arasında təşkilatın sıralarına qoşulan ilk ölkə olub.

Bu siyasi hadisənin maraqlı tarixçəsi var.

1991-ci ildə o zaman İslam Konfransı Təşkilatı adlanan İƏT-in Dakarda keçirilən sammitində Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və o zamankı kommunist rəhbərliyinin rəsmisindən ibarət nümayəndə heyəti iştirak edib.

Azərbaycanın quruma üzvlük məsələsi gündəlikdə olmayıb.  Zirvə görüşünün gedişində Azərbaycanı quruma üzv etmək ideyası yaranıb. Lakin bunun üçün Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibovun razılığı və imzası zəruri idi. Kommunist partiyasının rəsmisi belə müzakirənin başlanmasına qəti etiraz edirlər. Onlar Şeyxülislam Allahşükür Paşazadəyə təcili Bakıya qayıtmağı təklif edirlər.

Lakin A.Paşazadə yaranmış belə fürsəti əldən buraxmamaq qərarına gəlir. QMİ sədri prezident Ayaz Mütəllibovun adından sənədi imzalayır. SSRİ-nin hələ mövcud olduğu bir zamanda bu addım çox riskli qərar idi. Sammitə gəlmiş Azərbaycanın yüksək çinli hakimiyyət rəsmisi QMİ sədrini bu addımı atmaqdan çəkindirməyə çalışır, sammiti tərk edir və Bakıya qayıdır.

Allahşükür Paşazadə isə Azərbaycanın İKT-na üzv olması üçün ərizəni dövlət başçısı adından imzalayır.

QMİ sədri müsahibələrinin birində bu addımı həyatının ən yadda qalan hadisəsi adlandırmışdı: “Azərbaycanı təşkilata üzv qəbul etdilər. Müsəlman dövlətlərinin rəhbərləri mənə yaxınlaşaraq hamısı bir-bir təbrik etdi. O zaman ilk dəfə Azərbaycanın müstəqilliyini hiss etdim. Azərbaycan əlifba sırasına görə başa keçirildi və bayrağımız birinci sıraya qoyuldu. O gün çox qürur duydum ölkəm, xalqım adına”.

Şeyxin bu addımından xəbər tutan SSRİ rəhbərliyi, DTK və rəsmi Bakı buna birmənalı yanaşmır. QMİ sədri isə baş verə biləcək təhlükəni adlamaq üçün üç gün Bakıya qayıtmır. Sonra SSRİ-nin dağılması ilə nəticələnən Belovejsk sazişinin imzalanması ilə siyasi ab-hava dəyişir və QMİ sədri ölkəyə qayıdır.

İƏT-ə üzv olmaq 47 müsəlman dövləti tərəfindən Azərbaycanın müstəqil ölkə kimi qəbul edilməsi demək idi. Məhz həmin toplantıda Pakistanın Baş Naziri Nəvaz Şərif ölkəsinin Azərbaycanın müstəqilliyini tanıdığını ilk olaraq rəsmən bəyan etmişdi.

90-cı illərin əvvələrində erməni təcavüzü ilə üz-üzə qalan Azərbaycan üçün o zaman İKT-nın dəstəyi mühüm faktora çevrilir. 1991-ci ildə İslam Konfransı Təşkilatının (İKT) nümayəndə heyəti münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycana səfərə gəlir.

1992-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınır. İKT üzv ölkələri xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransında “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnamə qəbul edir.

İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq təşkilatlar sırasında Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanıyıb.

İlk dəfə olaraq 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər Nazirlərinin XXIV Konfransında və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” başlığı ilə qəbul edilib.

Siyasi qətnamədə üzv dövlətlər erməni təcavüzünü qətiyyətlə pisləyib, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasının tələb edirdilər.

2000-ci illərdə də Azərbaycanın İKT ilə əlaqələri yüksək səviyyədə olub. Prezident İham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT xarici işlər nazirlərinin növbəti XXXIII konfransının keçirilməsi qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.

2006-cı il 4 oktyabr tarixində Azərbaycana səfərə gələn İSESCO-nun prezidenti Osman əl-Tuvejri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı təhsil və mədəniyyətlərarası dialoqun inkişafı sahəsində xidmətlərinə görə İSESCO-nun xoşməramlı səfiri elan edir.

44 günlük Vətən Müharibəsində də İƏT Azərbaycanın haqlı mövqeyini dəstəklədi.

Ermənistanın ölkəmizə qarşı təxribatının baş verməsindən bir gün sonra –sentyabrın 28-də İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi bəyanat verərək Ermənistan silahlı qüvvələrinin təxribat və hücumlarını kəskin şəkildə pislədi. İƏT Azərbaycanla həmrəyliyini ifadə edərək  Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını, iki ölkə arasındakı münaqişənin Azərbaycanın suverenliyinə hörmətə, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslanan siyasi yolla həllinə nail olmaq üçün dialoqun qəbul edilməsini tələb etdi.

Hərbi əməliyyatların getdiyi müddət ərzində İƏT üzvü olan ölkələrin dini rəhbərləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərərək dəstəklərini ifadə etdilər.

İslam Əməkdaşlıq Təşkilatı Baş Katibliyinin noyabrın 16-da  verdiyi növbəti bəyanatında Azərbaycan və Ermənistan arasında döyüşlərin dayandırılmasını alqışlayıraq bildirdi ki, qurum münaqişənin İƏT və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə və qərarları əsasında həll olunmasını dəstəkləyib. İƏT-in Baş Katibliyi Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə edərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri prinsipləri əsasında, Azərbaycanın işğal altında qalan digər ərazilərindən də tam və qeyd-şərtsiz çıxarılmasına ümid etdiyini bildirdi.

2020-ci il noyabrın 28-də Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında qəbul edimiş “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzü, Gəncə, Bərdə, Tərtər şəhərlərinin ballistik və kaset raketlərinin hücumuna məruz qalmasını qətiyyətlə pislənildi. Ermənistan qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilən aktlar müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi qiymətləndirildi.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq Azərbaycanı Qələbə münasibəti ilə təbrik edib. Baş Katib Dağlıq Qarabağ bölgəsinin azad edilməsini “əlamətdar zəfər” adlandırdı. “İƏT bütün rəsmi bəyanatlarında və fəaliyyətlərində Azərbaycan Respublikasını və onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqeyini davamlı olaraq dəstəkləyib”-deyə məktubda deyilirdi.

İllər əvvəl İslam ölkələrinin bu nufuzlu platforması ilə qurulmuş əlaqə Azərbaycanın Zəfər Günü üçün böyük mənəvi dəstəyə çevrildi.

İƏT Azərbaycanın müsəlman aləmi ilə əlaqələrində etibarlı platformadır.