“Azərenerji”:

"Bəzi yarımstansiyalar yenidən qurulur"
04 Fevral 2020 - 17:15

“Azərenerji” ASC “Reabilitasiya Proqramı”na uyğun olaraq Bakı və Abşeron yarımadasının elektrik təchizatında müstəsna rol oynayan 220 və 110 kilovoltluq sistem əhəmiyyətli əsas yarımstansiyaları yenidən qurur və işlər enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə, yarımstansiyanın fəaliyyəti dayandırılmadan həyata keçirilir.

ASC-dən Azərtac-a bildirilib ki, artıq Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən 220 kilovoltluq, “Müşfiq” və Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 110 kilovoltluq “Zabrat” yarımstansiyaları yenidən qurularaq istismara verilib. 1968-ci ildə tikilən 110 kilovoltluq “8-ci kilometr” və 1976-cı ildə istismara verilən Sumqayıtdakı 110 kilovoltluq “Sulfanol” yarımstansiyalarında yenidənqurma işləri yekunlaşıb. Həmçinin 1953-cü ildə tikildiyindən istismar müddətini bir neçə dəfə keçən açıq tipli 110 kilovoltluq “Dübəndi” yarımstansiyası qapalı tipə keçirilərək tam yenidən qurulub.

1953-cü ildə tikilən və istismar müddətini bitirən 220 kilovoltluq “Xırdalan”, 1968-ci ildə istismara verilən 110 kilovoltluq “Əhmədli” və 1949-cu ildən istismar olunan 110 kilovoltluq “Maştağa” yarımstansiyalarında isə əsaslı tikinti və yenidənqurma işləri hazırda da davam edir.

Bütün yarımstansiyalarda rele mühafizəsi, avtomatika və idarəetmə sistemləri ilə komplektləşdirilmiş idarəetmə məkəzləri tikilir. Nəticədə güc çatışmazlığı aradan qaldırılmaqla yanaşı, etibarlılıq və dayanıqlılıq təmin edilir.

Qəzaların qarşısının alınması, qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması, ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üşün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir.

“Azərenerji” ümumilikdə 20-dək yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirir, avadanlıqlar, ən əsası isə transformatorlar dəyişdirilərək yarımstansiyaların gücü artırılır.