Azərbaycanda baş məşqçinin kürəkəni hakimi döyüb

Azərbaycan çempionatının Region Liqasında növbəti biabırçı hadisə yaşanıb.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Şimal-Qərb regionu üzrə V turun “Şəki” – “Karvan” oyunundan sonra böyük qalmaqal yaşanıb.

2:2 hesabı ilə yekunlaşan matçda hakim idarəçiliyi qonaqların kəskin narazılığına səbəb olub. Nəticədə həm futbolçular, həm də Yevlaxdan Şəkiyə gedən azarkeşlər oyundan sonra referinin üstünə cumublar. Qonaq komandanın fanatlarının referiyə xətər yetirməsinə polislər çətinliklə də olsa mane olub.

Ancaq yevlaxlıların futbolçusu Eyyub Cabbarov hisslərini cilovlaya bilməyərək, hakimi vurub. “Karvan”ın baş məşqçisi Kənan Kərimovun kürəkəni olan Cabbarov bu hərəkətinə görə, qırmızı vərəqə ilə cəzalandırılıb.

Hirsi soyumayan “Karvan” futbolçuları və azarkeşləri hakimlərin olduğu paltardəyişmə otağına da girməyə çalışıb. Təhlükəsizlik əməkdaşları daha böyük biabırçılığın qarşısını alsa da, hakim ağır təhqirlərə məruz qalıb.

Yaşananlarla bağlı “Karvan”ın baş məşqçisi Kənan Kərimovun da fikirlərini öyrənmişik. Ötənlərin tanınmış futbolçusu bütün bunların günahını hakimdə görüb: “Hakimlik sıfır səviyyəsində idi. 2:0 hesabı ilə öndə idik, ikinci hissədə meydan sahiblərinə açıq-aşkar kömək etdi. Rəqibin qapısına iki təmiz penaltimizi vermədi. Epizodlar vaxtı heç o tərəfə baxmaq istəmədi. Sanki ora bizi dayandırmaq üçün gəlmişdi. Onun hakimlikdən xəbəri yox idi, küçədən tutub gətirmişdilər. Futbolçularımız da hisslərini cilovlaya bilmədilər. Matçdan sonra etirazlarını bildirdilər. Yaxşı ki, hələ bir oyunçumuz kəskin etiraz etdi. Təşkilatçılardan xahiş edirəm ki, oyunlara normal hakim göndərsinlər”.

Qeyd edək ki, “Şəki” – “Karvan” oyunu 2:2 hesabı ilə yekunlaşıb. Hazırda “Karvan” 10 xalla turnir cədvəlinə başçılıq edirsə, 2 xala malik “Şəki” 7 komandalı turnirin sonuncu pilləsində qərarlaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ordumuzun minaatan və artilleriya bölmələri döyüş təlimləri keçirdi –

Sonrakı məqalə

“Prezident İlham Əliyev Soçi görüşünün çox məhsuldar keçdiyini bildirdi” –