Azərbaycanlı tələbələr:"Vətənə dönmək istəyirik"

Ali Təhsil Şurasının (YÖK) məlumatına görə, Türkiyənin 81 vilayətində yerləşən 79 müxtəlif universitetdə 21 479 azərbaycanlı tələbə təhsil alır. Onlardan bir çoxu koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün görülən tədbirlər çərçivəsində iki ölkə arasında quru və hava əlaqəsi qeyri-müəyyən müddətədək dayandırılmamışdan əvvəl Vətənə dönə biliblər. Ancaq bununla belə, hələ dəTürkiyə onlayn təhsilini davam etdirən xeyli sayda azərbaycanlı tələbə var. Onlar Azərbaycanın Türkiyədəki səfirliyi ilə mütəmadi əlaqə saxlayır, özünütəcrid şəraitində yaşayır və onlayn dərslərlə təhsillərini davam etdirirlər. Azərbaycanlı tələbələr “Report”un Türkiyə bürosuna hazırkı vəziyyətləri haqqında danışıblar.

Ankara Universitetinin Psixologiya fakültəsinin birinci kurs tələbəsi Ləman Sadıqzadə bildirib ki, Türkiyədə koronavirusa yoluxmalar qeydə alınandan sonra bütün təhsil müəssələri bağlandı: “Bununla da təhsilimizi distant olaraq davam etdirməyə başladıq. Əslində, pandemiyanın bizə verdiyi müsbət tendensiya var. Bununla biz bütün dünyada geniş yayılan distant təhsilə keçdik. Həmsöhbət olduğum bir çox tələbə də mənimlə eyni düşüncələri payılaşır. Biz artıq dərslərimizə onlayn davam edirik və imtahanlarımıza da internet üzərindən giririk”.

O, Azərbaycan səfirliyinin Türkiyədəki tələbələrə ehtiyac duyduğu bütün məsələlərdə yardım göstərdiyini söyləyib: “Biz Vətəndən nə qədər uzaqda olsaq da, sevgi və qayğısını daima hiss edirik. Bu çətin günlərdə xüsusilə Azərbaycan səfirliyi və onun təhsil müşavirliyi bizimlə mütəmadi əlaqədədir və bizim hər xırda problemimizə diqqətlə yanaşır. Onlar hansısa bir çətinliyimiz olduqda anında müdaxilə edib həll etməyə çalışırlar. Eyni zamanda səfirliyimiz qida təminatında və yaşadığımız yerlərin kirayə pulunun ödənilməsində bizə yardım etdi. Təbii ki, qısa zamanda ölkəmizə dönmək istəyirik. Azərbaycanın Türkiyədəki səfirliyinin bu istiqamətdə zəruri tədbirləri gördüyünə əminəm. Onlar təxliyə həyata keçirilənədək yerlərimizdə qalmağımızın daha təhlükəsiz olduğunu bildirirlər, biz də bu tövsiyətə əməl etməyə çalışırıq. Azərbaycan Prezidentinin dünyanın harasında olmasından asılı olmayaraq bütün vətəndaşlarımızı düşünməsi və bununla bağlı məqsədyönlü fəaliyyət göstərməsi bizim üçün əvəzolunmazdır. Azərbaycan və qardaş Türkiyə başda olmaqla, bütün dünyanın qısa zaman ərzində koronavirusdan xilas olacağına ümid edirəm, xüsusilə tibb işçilərinə minnətdarlığımı bildirirəm. Hər kəsi şəxsi gigiyena qaydalarına mütəmadi əməl etməyə çağırıram. Eyni zamanda ehtiyac duyulmadığı təqdirdı evdən bayıra çıxmamaqla sağlam qalmağa çalışaq”.

İzmir şəhərindəki. Ege Universitetinin magistri Niyaz Fəttayev da təhsilini distant formada davam etdirir: “Təbii ki, Türkiyədə koronavirusun yayılmamasının qarşısının alınması istiqamətində görülən tədbirlər azərbaycanlı tələbələrin həyatına da təsir edir. Hesab edirəm ki, karantinin uzadılması və qabaqlayıcı tədbirlərin davam etdirilməsi zəruridir. Çünki Türkiyə yoluxma sayına görə dünyada yeddinci sıradadır. Düzdür son günlərdə açıqlanan statistika bir qədər ümidvericidir. Əvvəlki günlərə nisbətən yoluxma sayında azalmalar müşahidə olunur”.

Onun sözlərinə görə, Türkiyədə qalan azərbaycanlı tələbələr mütəmadi olaraq bir-biri ilə sosial şəbəkələr vasitəsilə əlaqə saxlayırlar: “Azərbaycan səfirliyi mütəmadi olaraq bizə lazımi dəstəyi və təlimatları verir. Onlar bizə həm maddi, həm də mənəvi dəstək verirlər. Onlar həm qida təminatında, həm də ehtiyac olduğu halda digər məsələlərdə də bizim yanımızdadırlar. Ailələrimizlə də əlaqə qururuq və heç bir problemimiz yoxdur. Buradan Azərbaycana səslənirəm: evdə qalın, sağlam qalın!”.

Eskişehirdəki Anadolu Univeristetinin doktorantı Nurlan Rəşidov deyib ki, Türkiyə universitetlərinin əksəriyyətinin onlayn tədris portalları distant təhsil sisteminə uyğun olduğundan keçid çox da çətin olmadı: “Hazırda dərslərimə onlayn davam edirəm və müəllimlərimin verdikləri tapşırıqları yerinə yetirməyə çalışıram. Pandemiya səbəbindən tələbə dostlarımızın bir çoxu çarter reysləri ilə Vətənə dönə bildilər. Burada qalan tələbələrə isə səfirliyimiz maddi və mənəvi dəstək verir. Hazırda qarşılaşdığımız problemlerlə bağlı səfirliyimizə sadəcə “qaynar xətt” vasitəsilə deyil, onlayn da müraciət edə bilirik. Eyni zamanda Eskişehir Azərbaycanlıları Dərnəyi tələbələrə zəruri yardım göstərir. Bu çətin dönəmdə hər kəsə evdə qalmağı tövsiyə edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bandotdel” əməliyyat keçirib

Sonrakı məqalə

İranda koronavirusdan ölənlərin sayı 5650 nəfərə çatıb