“Uzun müddətdir Badamdar yamacında Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi və mütəxəssislərin iştirakı ilə tədqiqat işləri aparılır. Tədqiqatlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin və Yaponiya şirkətlərinin mütəxəssisləri iştirak edirlər”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli deyib. O bildirib ki, tədqiqatlardan sonra nəticələr araşdırılıb və FHN-inTikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərinşaat Layihə İnstitutu və Yaponiya şirkətləri tərəfindən bu yamacın problemlərini birdəfəlik həll etmək üçün kompleks tədbirlər layihəsi işlənilib: “Artıq layihənin həyata keçirilməsinə başlanılıb. Layihə mərhələli şəkildə aparılacaq. Hələ ki, yamacın üst hissəsindəyik. Burada layihə üzrə 3 drenaj quyunun qazılması nəzərdə tutulub. Bu quyuların hər birinin dərinliyi 30, diametri 3.5 metr, quyular arasındakı məsafə 42-50 metrdir.
Məqsəd yamaca daxil olan suları kənarlaşdırmaqdır. Quyuların qazılmasına paralel olaraq yamacda terraslaşma də aparılacaq. Bu işlərə quyular müəyyən qədər qazıldıqdan, sular müəyyən qədər kənarlaşdırıldıqdan sonra başlanılacaq. 4 terras nəzərdə tutulub ki, onların səthləri dəmir betonla örtüləcək və xüsusi dəmir beton ankerlər vasitəsilə bərkidiləcək. Sonra Badamdar və 20-ci sahəyə doğru gedən hissədəki yamacda təbii torpaq kütləsi ilə terraslaşma işi aparılacaq. Bundan sonra Badamdar -20-ci sahə yolunun sağ tərəfində uzunluğu təqribən 1200 metr qoruyucu beton divar inşa ediləcək. Sonda yamacda yaşıllaşdırma işləri aparılacaq. Çünki şəhərin bir çox yerindən o yamac görünür. Şəhərin ümumi görünüşündə yamacın gözəlliyi xüsusi yer tutacaq”.
T.Hüseynli qeyd edib ki, əsas məsələ yamacın stabilliyini təmin etməkdir:“Bunun üçün ilk növbədə sürüşməyə səbəb olan yeraltı sular tənzimlənməlidir. Əsas məsələmiz budur. Qurğular Yaponiyadan gətirilib. Quyulara bərkidiləcək lövhələr onun divarlarının dağılmaması üçündür. Quyulara pilləkənlər, xüsusi nasoslar qoyulacaq. Su səviyyəsi qalxdıqca operativ şəkildə sahədən kənarlaşdırılacaq. O zaman sahədə heç bir təhlükə olmayacaq. Digər işlər də paralel olaraq gedəcək”.
Rəis müavini bildirib ki, tikintini yerli şirkətlər həyata keçirir:“Yollar bağlı olduğuna görə yapon mütəxəssislər bu işlərə onlayn şəkildə nəzarət edirlər. Onlarla görülən işlər haqqında daim məsləhətləşmələr aparılır”.