Bakıda Yeltsin və Nazarbayevin Qarabağla bağlı Ayaz Mütəllibovla görüşü –1991-ci ildə nə müzakirə olunub? /FOTOXRONİKA

1991-ci ilin iyununda Rusiya Sovet Federativ Sosialist Respublikası  (RSFSR) prezidenti seçilən Boris Yeltsin Qarabağ münaqişəsini həll etmək üçün səy göstərib. SSRİ prezidenti Mixail Qorbaçovla açıq konfliktdə olan Yeltsinin vasitəçi rolunda çıxış etmək istəməsi problemi həll etməklə SSRİ prezidentinin aciz qaldığı bir məsələdə öz nufuz üstünlüyünü göstərmək cəhdi idi.

Sentyabrın 21-də Boris Yeltsin və Nursultan Nazarbayev Azərbaycana gəlir.

Azpost.info-nun “FOTOXRONİKA” layihəsində təqdim etdiyi şəkil həmin səfər zamanı çəkilib.

FOTO: Azərbaycan prezidenti Ayaz Mütəllibov, dövlət katibi Tofiq İsmayılov, baş nazirin müavini Artur Rəsizadə, daxili işlər naziri Məhəmməd Əsədov, Baş Prokuror İsmət Qayıbov, xalq yazıçısı Anar RSFSR prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşdə.

Bakı. sentyabr 1991-ci il. 

Bakıda B.Yeltsin və N. Nazarbayev prezident Ayaz Mütəllibovla görüşür və son proseslər ciddi müzakirə edilir. DQMV-ə birgə getmək qərara alınır. Yeltsin və Nazarbayev daha sonra AXC-nin liderləri ilə görüşərək Dağlıq Qarabağla bağlı müzakirə aparırlar. Hər iki prezident görüşdə sərhədlərin dəyişdirlməməsi prinsipinə sadiq olduqlarını və Azərbaycanın daxili işlərinə qarşımayacaqlarını bəyan edirlər.

AXC nümayəndələri bildirirlər ki, Ermənistanla danışıqlara başlamaq olar. Bunun üçün Ermənistan DQMV-i özünə birləşdirmək barədə qərarını ləğv etməli, Ter-Petrosyan Ermənistandan Qarabağa gəlmiş hərbi dəstələri çıxarmalıdır.

Yeltsinin səfəri ərəfəsində isə SİTA çox maraqlı bir xəbər yayır. Məlum olur ki, SSRİ prezidenti Mixail Qorbaçovun Dağlıq Qarabağla bağlı fərmanı hazırlanır. Bakı buna şübhə ilə yanaşır.

Bakıdan  Yeltsin Dağlıq Qarabağ Muxtar Vilayətinə gedir.  Rusiya və Qazaxstan və Azərbaycan prezidentləri Bakıdan avtomobillərlə çıxaraq Gəncəyə üz tuturlar. 22 sentyabrda, səhər Boris Yeltsin, Nursultan Nazarbayev və Ayaz Mütəllibov Xankəndinə gəlirlər. Bu zaman şəhər meydanında ermənilərin 40 minlik mitinqi təşkil olunur. Mitinqdə qısa çıxış edən Rusiya prezidenti Dağlıq Qarabağın Vilayət Sovetinin binasında separatçı erməni hərəkatının nümayəndələri ilə görüşür.

Azərbaycan prezidenti Ayaz Mütəllibov bu görüşdə iştirak etməkdən imtina edir.

Daha sonra Xankəndində partiya-təsərrüfat fəalları ilə görüşən RSFSR prezidenti Yeltsin bəyan edir ki, DQMV-də vəziyyəti gərginləşdirən materialların KİV-də və Mərkəzi Televiziyada işıqlandırılmaması barədə qərar verilib.

Əhali ilə görüşdən sonra Yeltsin İrəvana gedir. Bundan sonra Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağla bağlı danışıqar prosesinə start verilir. 24 sentyabr 1991-ci ildə Şimali Qafqazın Jeleznovdsk şəhərində Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibovla Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan arasında görüş keçirilir. Sentyabrın 24-də Jeleznovdskda birgə memorandum imzalanır. Sənədi BorisYeltsin, Nursultan Nazarbayev, Ter-Petrosyan və Ayaz Mütəllibov imzalayır. Danışıqlarda separatçı hərəkatın lideri Robert Koçaryan, Dağlıq Qarabağ Vilayət Sovetinin sədri Leonard Petrosyan və Şuşa şəhər İcraiyyə Komitəsinin sədri Vaiqf Cəfərov müşahidəçi qismində iştirak edirlər.

 

Jeleznovodsk memorandumu başlanacaq müharibəni dayandırmaq üçün aşağıdakı addımları nəzərdə tuturdu:

  1. Dağlıq Qarabağla bağlı bütün antikonstitusion aktların qüvvədən düşdüyünü tanımaq(Söhbət DQMV-in 20 fevral 1988-ci ildə sovet Azərbaycanının tərkibindən çıxmaq haqqında vilayət sovetinin qərarından və Azərbaycanın 28 noyabr 1989-cu ildə DQMV-in inzibati ərazi vahidi kimi ləğv olunması barədə qəbul etdiyi qərardan gedir);
  2. Atəşi dayandırmaq;
  3. SSRİ daxili qoşunları istisna olmaqla, münaqişə bölgəsindən bütün silahlı qruplaşmaları çıxarmaq;

10 bənddən ibarət olan memurandum 1 yanvar 1992-ci ildən qüvvəyə minməli idi.

Jeleznovdsk Memorandumu elə kağız üzərində də qaldı.

Azpost.info

 

Əvvəlki məqalə

“Azərbaycan-Ermənistan danışıqlarında müsbət dinamikanın saxlanması əhəmiyyətlidir”

Sonrakı məqalə

Tovuzda kişi arvadını bıçaqlayıb