Bakını “salamlayan” Kirovun heykəli 29 il əvvəl necə götürülüb? –Şəhər üzərində "sovet kabusu”nun dağıdılması kimi qəzəbləndirib? (FOTO VİDEO)  

29 il əvvəl -1991-ci ilin yanvarında uzun illər sovet Azərbaycanının simvoluna çevrilmiş sovet dövlət xadimi Sergey Mironoviç Kirovun şəhərin ən hündür yerində ucaldılmış heykəli sökülüb.

Azpost.info bildirir ki, SSRİ-nin mövcudluğunun sonuncu ilinin birinci ayında sökülən bu nəhəng heykəl buna qədər artıq 50 ildən çox idi ki, Dağüstü Parkda şəhəri “salamlayırdı”. 1939-cu ildə, məşhur memar Sabsay və Lev İlin tərəfindən hazırlanmış bu nəhəng monumental heykəl sovet azərbaycanlılarının ideoloji baxışlarının təcəssümü sayılırdı.

1990-cı ilin qanlı yanvar qırğınından sonra  Azərbaycanda nufuzunu itirmiş kommunist partiyası özünün simvollarına qarşı olan nifrəti heç bir vəchlə söndürə bilmədi. Bu obyektlərdən biri də Kirovun heykəli idi. Şəhidlər Xiyabanı ilə eyni məkanı “bölüşən” bu heykələ qarşı xalqın qəzəbini görən və nifrət çağırışlarının böyük gərginlik dalğasını yaradacağı təhlükəsini başa düşən Azərbaycanın o vaxtkı rəhbərliyi, Kommunist Partiyasının 1-ci katibi Ayaz Mütəllibov və hakim sovet elitası heykəlin götürülməsi ilə bağlı qərar verirlər.

Amma Moskvanı qəzəbləndirməmək üçün hansısa bir ciddi səbəb göstərmək lazım idi.  Bunun üçün heykəlin yerləşdiyi relyefdən istifadə etmək qərara alınır. Rəsmi açıqlama yayılır və orada elan olunur ki, Bayıl yamacında başlanan sürüşmə heykəlin yıxılması üçün ciddi təhlükə yaradıb. Fəsadları aradan qaldırmaq üçün heykəlin sökülməsi vacibdir.

Bundan sonra xüsusi texnika ilə heykəl sökülür. Onun hara aparıldığı indiyə qədər bəlli deyil.

Kirovun heykəlinin götürülməsi Azərbaycan cəmiyyətində böyük rezonans verir. Müstəqilik uğrunda mübarizəyə qalxmış xalq üçün bu sovet sisteminin çöküşünün daha bir əlaməti kimi görünürdü.  Heykəl sökülən gün Bakı sakinləri ora toplaşaraq mənzərəni sevinclə seyr edirdilər.

Kirovun heykəlnin sökülməsi zamanın ən populyar qəzeti olan “Səhər”in bağlanması ilə də yadda qalır. Qəzetin baş redaktoru Məzahir Süleymanzadənin Azpost.info-ya bildirdiyinə görə,  qəzetin əməkdaşı, tanınmış jurnalist Hidayət Elvüsal bu sökülmə ilə bağlı bir yazı yazır və yazıya “Bayıl sürüşür, sən də sürüş yoldaş Kirov!” başlığını qoyur.  Yazı qəzetə “Proşay, Kirov” (Əlvida,Kirov!) adı ilə gedir. M. Süleymanzadənin sözlərinə görə, bu yazı həm də o zaman Azərbaycana faktik rəhbərik edən, Kommunist Partiyasının ikinci katibi Viktor Polyaniçkoya ünvanlanmışdı.  Yazıdan qəzəblənən  Polyaniçko Ayaz Mütəllibovdan qəzetin bağlanmasını tələb edir.  A.Mütəllibov “Azərbaycan” Nəşriyatının direktoru  Bahadur Qayıbova zəng vuraraq “Səhər”ni daha çap edilməməsi barədə göstəriş verir.  B.Qayıbov bir neçə dəfə A.Mütəllibovla görüşərək bu addımı atmamağa, ölkənin məşhur qəzetini bağlamağın doğru addım olmadığına inandıra bilir.  Bundan sonra “daha partizanlıq” etməmək şərti ilə qəzetin çapına icazə verilir.

Sergey Kirovun heykəli isə hissələrə bölünərək maşınlara yüklənir və Dağüstü Parkdan bidəfəlik aparılır.  Deyilənə görə, tərkibində tunc, bürünc və digər qiymətli materiallar olan abidə  vaxtilə söküləndən sonra əridilib və yaxşı qiymətə xarici ölkələrə satılıb.

Kirovun heykəlnin sökülməsi ilə bağlı rejissor Nizami Abbas sənədli film çəkib.

Həmin filmdə  1937-ci ildə heykəlin fundamentinin qoyulması prosesi əks edilib.  Mircəfər Bağırovun iştirakı ilə aparılan bu prosesdə postamentin altına dairəvi qutu qoyulur. Həmin yerin üzərinə “Kirovun heykəlnin sənədləri” yazılıb. Bunun üzərində isə heykəl ucaldılıb.

20 Yanvar qırğınından sonra şəhidlərin dəfn edildiyi bir məkanda sovet rəhbərliyinin simvolunun qalmasının özü absurd idi. Tarix özü hər şeyi yerbəyer etməli oldu.

Azpost.info

“Sürüşmə” sənədli filmini bu linkdən izləyə bilərsiniz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“35 milyard dollar ödəməsələr, İraqdan çıxmayacağıq” –

Sonrakı məqalə

İran Britaniyaya nota verib