“Belə bahalı yeni bina Mərkəzi Bankın nəyinə lazımdır?” –Ekspert Əkrəm Həsənov

“Mərkəzi Bankın yeni tikiləcək binasının qiymətinin real olduğuna yalnız layihənin tam açıqlandığı halda inanmaq olar. Görəsən orada qeyri-adi nə olacaq ki, tikintisi belə bahadır?

Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert, bank üzrə tanınmış mütəxəssis Əkrəm Həsənov bildirib.

Ə.Həsənovun sözlərinə görə, bütün dünyada daşınmaz əmlak ilk növbədə torpağa görə çox bahadır. Sırf binanın özü elə də baha olmur: “Bəlkə orada pul nişanlarımızı çap edəcək fabrik də olacaq? Bu halda yenə inandırıcı qiymətə oxşar ola bilər. Və bunu dəstəkləmək də olar. Yoxsa pul nişanlarının xaricdə çapına xeyli valyuta ehtiyatı sərf edirik. Pulumuz da gedir, adımız da bəd çıxır və baş bankirimizin sorağı sonra Avstriya məhkəmələrindəki cinayət işlərindən gəlir”-deyə ekspert istehza ilə yazıb.

Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın sərəncamında bina var: “7 il əvvəl elə Mərkəzi Bankın yeni binasının yaxınlığında 84 milyon avroya Neft Fondumuza bina tikilib. Neft Fonduna ehtiyacımız da yoxdur əslində. Elə Mərkəzi Bankın işlərindən biri valyuta ehtiyatlarının idarə edilməsidir. Odur ki, əvvəl-axır Neft Fondunu onsuz da Mərkəzi Banka birləşdirəcəyik. Həmin bina Mərkəzi Bankın sərəncamına keçəcək.

Üstəlik sabiq Maliyyə Bazarlarına Nəzarət Palatasının da binası (1998-ci ilədək Mərkəzi Bank elə orada yerəşirdi) hazırda Mərkəzi Bankın sərəncamındadır. Bu qədər real və potensial binaları ola-ola yeni bina nəyinə lazımdır axı Mərkəzi Bankın? Lazım deyil. İşçilərinə yer çatmır? Çatır! Hələ onu demirəm ki, o qədər işçiyə ehtiyacı da yoxdur, ştatları şişirdilib”.

Ə.Həsənov bildirib ki, bu binanın tikilməsinə ehtiyac olubsa bu yalnız 2020-ci ilə qədər aktual ola bilərdi:

“Pandemiya, müharibə və işğaldan azad olunmuş ərazilərdə gələcək bərpa işləri gündəmi dəyişib. Buna görə də hazırda bu xərcə ehtiyac yoxdur, zənnimcə. Ümumiyyətlə, Bakıda dövlət hazırda tikintiyə az xərc çəksə yaxşıdır. Qoy özəl qurumlar tiksin. Dövlət isə geniş mənada Qarabağımızın abadlaşdırılmasına xərc çəksin ancaq. Axı pulumuz da sonsuz deyil. Özü də belə qlobal baxımdan çətin dövrdə yaşayırıq.”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan müharibədə qadağan edilmiş kasetli silahlardan istifadə edib” –

Sonrakı məqalə

“Lazım olsa ATƏT-in Minsk Qrupu yenə də rol oynaya bilər” –