“BMT-Rusiya-Ukrayna təmas qrupu yaradılsın!” –Antonio Quterreş Lavrovla görüşdü

Moskvada səfərdə olan BMT baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Quterreş Ukraynadakı humanitar problemlərin həlli üçün BMT-Rusiya-Ukrayna formatında təmas qrupunun yaradılmasını təklif edib.

Azpost.info xəbər verir ki, baş katib bu barədə Lavrovla danışıqların yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. “Təhlükəsiz və səmərəli humanitar dəhlizlərə ehtiyac var. Mülki əhalinin evakuasiyası və lazımi yardımın çatdırılması üçün bu dəhlizlər olmalıdır. Bu məqsədlə mən humanitar məsələlər üzrə təmas qrupunun yaradılmasını təklif etdim. Bu qrupda BMT, Rusiya və Ukrayna təhlükəsiz dəhlizlərin axtarışı və atəşkəs üçün səylərini birləşdirə bilər”, – Quterreş bildirib.

Baş katibin sözlərinə görə, dünya Mariupolda böhran içində böhranla üzləşib: “Yüzlərlə, minlərlə mülki şəxsin humanitar yardıma, evakuasiyaya ehtiyacı var. BMT Mariupolda insanları xilas etmək üçün insan və maddi-texniki resurslarını tam səfərbər etməyə hazırdır. Mən istər “Azovstal” zavodunu, istərsə də şəhəri tərk etmək istəyən mülki şəxslərin istənilən istiqamətə təhlükəsiz təxliyəsini təmin etmək, həmçinin lazımi humanitar yardımı çatdırmaq üçün BMT-nin, Beynəlxalq Qırmızı Xaç Təşkilatın işini koordinasiya etməyi təklif etdim”.

Azpost.info

Əvvəlki məqalə

“Kiyev danışıqlarda maraqlı deyil” –

Sonrakı məqalə

Niderland Rusiya vətəndaşlarına vizaların verilməsini dayandırır