“Rusiya prezidenti Vladimir Putin internetdən istifadə etmir və informasiya vakuumunda yaşayır”.
Azpost.info xəbər verir ki, bunu Rusiyadan qaçan Federal Mühafizə Xidmətinin (FMX) kapitanı Qleb Karakulov deyib.
“Putin həqiqətən nə internetdən, nə də mobil telefondan istifadə edir. Aldığı bütün məlumatlar yalnız birbaşa yaxın adamlardandır. O, bir növ informasiya vakuumunda yaşayır”, – Karakulov bildirib.
Karakulov deyir ki, Putin hər xaricə səfərində özü ilə danışıqlar kabinəsi (dövlət başçısının təhlükəsiz telefon danışıqları apara biləcəyi, 2,5 metr hündürlüyündə, təchiz olunmuş ofis) götürür.
O, həmçinin bildirib ki, Putinin bütün iqamətgahlarında ofislər eynidir: “Onun hazırda harada olduğunu televiziya yayımından anlamaq mümkün deyil. Putin özü Boçarov Ruçey iqamətgahında qaldığı halda, Soçidən boş təyyarə göndərərək şəhərlər arasında “hərəkət edir”. Bu, xarici kəşfiyyatı çaşdırmaq üçün edilir”.
FMX zabitinin sözlərinə görə, Rusiya prezidenti özünütəcrid rejiminə riayət etməyə davam edir: “Onunla görüşdən əvvəl iki həftəlik karantinə riayət edilməlidir. Koronavirus pandemiyası başlayandan Putin çox geri çəkilib. O, mümkün baryerlərlə – karantin, məlumat çatışmazlığı ilə özünü bütün dünyadan qoruyur. Onun dəyərləri özünün, ailəsinin və dostlarının həyatıdır. Sizlərin həyatı onun üçün maraqlı deyil”.
Karakulovun sözlərinə görə, Vladimir Putinin qızı Yekaterina Tixonova prezidentlə eyni vaxtda Soçidəki iqamətgahda dincəlir. Onu FMX zabiti qoruyur. Güman edilir ki, eyni sxem ikinci qızı Mariya Vorontsova üçün də istifadə olunur.
Karakulov həmçinin Putinlə keçmiş idmançı Alina Kabayevanın birlikdə yaşadığını dolayı yolla, lakin əminliklə təsdiqləyib.
2009-cu ildən 2022-ci il oktyabrın ortalarına qədər Qleb Karakulov prezident aparatının rabitə şöbəsində mühəndis olub və Rusiya dövlət başçısını məxfi rabitə ilə təmin edib.
2022-ci ilin oktyabrında Putinin Qazaxıstana rəsmi səfəri zamanı Rusiya prezidentinin təhlükəsizliyini təmin edən FMX zabitləri qrupunun tərkibində Astanada olan Karakulov Moskvaya qayıtmazdan bir gün əvvəl oteldən qaçaraq həyat yoldaşı və qızı ilə birlikdə İstanbula uçan təyyarəyə minib. Bunun üçün rəsmi pasportundan istifadə edib.
Karakulovun dediyinə görə, Rusiyanı tərk etməyin əsas səbəbi rus ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsi olub. O, Putini “müharibə cinayətkarı” adlandırıb və daha onun xidmətində olmağı mümkün saymadığını bildirib.
Karakulov Rusiyanın hərbi əməliyyatı başlayandan sonra ölkədən qaçaraq müharibəni pisləyən Rusiya kəşfiyyat xidmətlərinin ən yüksək vəzifəli məmurudur. O, həm də Vladimir Putinin Rusiya ətrafında xüsusi zirehli qatarla hərəkət etdiyini mətbuata deyən mənbədir.
Karakulov Rusiyada axtarışa verilib, ona qarşı fərariliyə görə cinayət işi açılıb.
Azpost.info