Böyük Britaniyanın Baş naziri Boris Conson və Finlandiyanın Prezidenti Sauli Niinistö ənənəvi və hibrid təhdidlərə qarşı birgə mübarizə paktını imzalayıblar.
Pakt Britaniya hökuməti başçısının İsveç paytaxtına və ardınca Helsinkiyə səfərləri çərçivəsində imzalanıb. Təhlükəsizlik məsələləri ilə yanaşı, saziş həm də enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı da nəzərdə tutur.
Daha əvvəl oxşar sazişi İsveç hökumətinin başçısı Maqdalena Andersson ilə imzalayan Boris Conson, bununla ölkəsinin ənənəvi və hibrid təhlükələr qarşısında İsveç və Finlandiya ilə çiyin-çiyinə dayanacağını ifadə edib.
Böyük Britaniyanın Baş naziri Finlandiyanın öz gələcəyi ilə bağlı qorxu və xarici təsir olmadan qərar vermək suveren hüququna güclü dəstəyini də bildirib. Onun sözlərinə görə, Böyük Britaniya bu ölkəyə hücum olduğu halda, Finlandiyaya hərbi dəstək də daxil olmaqla, yardım göstərəcək.
Öz növbəsində Finlandiyanın Prezidenti Sauli Niinistö bildirib ki, onun ölkəsi hələlik hökumətlərarası hərbi ittifaq olan NATO-ya üzvülik ilə bağlı qərar verməyib. Lakin bu saziş ilə ölkənin təhlükəsizliyi daha yaxşı şəkildə təmin ediləcəkdir.