İqtisadiyyat və Gənclər və İdman nazirliklərinə yeni səlahiyyət verilir.
Bu, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu qanun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması üçün hüquqi mexanizmin yaradılmasına, belə pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması imkanlarını istisna edən şəraitin yaradılmasına, bu sahədə dövlətin və cəmiyyətin maraqlarının qorunmasına yönəlib.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlərdir.
Pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması cinayət yolu ilə əldə edildiyini bilə-bilə həqiqi mənbəyini gizlətmək, belə pul vəsaitlərinin, və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsidir.
Bu sahədə monitorinq pul vəsaitləri və ya digər əmlakla aparılmış əməliyyatlara nəzarət orqanları isə monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirən orqanlardır.
Layihəyə əsasən, lotereya təşkilatçılarına nəzarət orqanı funksiyası İqtisadiyyat Nazirliyinə, idman mərc oyunlarının operatorlarına nəzarət orqanı funksiyası isə Gənclər və İdman Nazirliyinə həvalə ediləcək.