“Xersona gələn, tələbələrlə görüşən Putinin oxşarıdır…”- "Putinin dublyoru var" /FOTO

Almaniyanın “Bild” nəşri Vladimir Putinlə bağlı videomaterialları araşdırıb və Rusiya liderinin bir neçə oxşarının olduğu qənaətinə gəlib.

Azpost.info xəbər verir ki, nəşrə görə, əsl Vladimir Putin Kremldə rus nazirlərlə görüşür, eyni zamanda Çin lideri Si Cinpin kimi mühüm qonaqları qəbul edir. Digər hallarda isə dublyoru istifadə olunur. Məsələn, “yalançı Putin” Moskva Dövlət Universitetində tələbələrlə görüşüb, Başqırdıstanın keçmiş rəhbərinin dəfn mərasimində olub, həmçinin işğal olunmuş Mariupol və Xerson vilayətinə gedib.

Nəşr qeyd edir ki, dublyorları qulaq və burnun forması, həmçinin saxtalaşdırılması çətin olan digər xüsusiyyətləri ələ verir:  “Həm də əsl Putin həmişə məsafə saxlayır və onunla görüşmək üçün hər kəs iki həftəlik karantindən keçməli olur. Bununla belə, PR hekayələrində Putin şəxsən Krım körpüsünü yoxlamağa gedir, gecə maşın sürərək Mariupola və sakinlərinə baş çəkməyə gəlir, generalların əlini sıxır, Sevastopolda sənət məktəbi açır”.

Prezidentin sözçüsü Dmitri Peskov son açıqlamalarının birində Putinin dublyorlardan istifadə etdiyini və bunkerdə tək həyat sürdüyünü inkar edib və bu xəbərləri cəfəngiyyat adlandırıb.

“Yəqin eşitmisiniz ki, Putin bunkerdə olarkən onun yerinə oxşarları işləyir. Daha bir cəfəngiyyat… O, əlbəttə ki, heç vaxt heç bir bunkerdə oturmur”, – Peskov deyib.

O, Putini “meqaaktiv” adlandırıb və deyib ki, belə sağlamlığı hamı özünə arzu edə bilər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov isə deyir ki, Putin Kremlin bildirdiyi kimi ilhaq edilmiş Xerson və Luqansk vilayətlərinə səfər etməyib. Rusiya prezidentinin əvəzinə ora oxşarı gedib.

Bu arada, Putin özü 2015-ci ildə dublyorlarının olmasını inkar etmişdi. Lakin 2020-də etiraf etmişdi ki, 2000-lərin əvvəllərində, terrorizmlə mübarizənin ən çətin dövrlərində ona dublyordan istifadə etməyi düşünməsini xahiş ediblər.

Azpost.info

Əvvəlki məqalə

Niyaməddin Musayev konfransa gəldi –

Sonrakı məqalə

Kreml Qarabağdakı sülhməramlılara yeni komandan təyin edib