Cavanşir Feyziyev “çirkli pullarla” bağlı ittihamı rədd edib –

“Məhkəmə bunun böhtan olduğu barədə qərar verib"
02 Noyabr 2021 - 21:09

Milli Məclisin deputatı Cavanşir Feyziyev hər hansı çirkli pulların yuyulmasında və qanunsuz fəaliyyətdə iştirakını rədd edib.

Azpost.info Azadlıq radiosuna istinadən bildirir ki, Feyziyevlər ailəsinin sözçüsü media üçün açıqlamasında onların Britaniyanın Milli Cinayət Agentliyinin (NCA) iddialarını “qəti şəkildə rədd etdiklərini” və “tamamilə yanlış” olduğunu bəyan edib. Sözçü daha sonra deyib ki, agentlik vəsaitin “hər hansı cinayət fəaliyyəti ilə bağlı mənbədən gəldiyini göstərən əsaslı sübutlar” təqdim etməyib.

Ailənin sözçüsü deyib ki, Feyziyevlər Britaniyanın ədalət sisteminə tam inanırlar və NCA tərəfindən irəli sürülmüş iddiaların əsassız olduğunun sübut edilməsini gözləyirlər.

Məlumatda deyilir ki, NCA sözü gedən iş üçün OCCRP-nin Cavanşir Feyziyev barəsində 2017-ci ildəki reportajına istinad edib. Həmin reportajın isə böhtan olduğu barədə Cavanşir Feyziyevin iddiası razılaşdırılmış şərtlərlə həll olunub.

2020-ci ilin yanvarında İngiltərə məhkəməsi parlament üzvü Cavanşir Feyziyev tərəfindən OCCRP-in həmtəsisçisi Paul Raduya qarşı irəli sürülən iki il davam edən məhkəmə iddiası ilə bağlı qərar verilib.

Cavanşir Feyziyev çirkli pulların yuyulmasında iştirak etməklə bağlı iddianı rədd edib və OCCRP saytında yayımlanan iki məqalə ilə bağlı böhtan ittihamları irəli sürüb. İngiltərə məhkəməsi müəyyən edib ki, Cavanşir Feyziyevin çirkli pulların yuyulmasında və ya hər hansı bir cinayət əməlində günahkar olmasına dair əsas yoxdur.

“Qafqazinfo” yayılmış məlumatla bağlı deputat Cavanşir Feyziyevlə əlaqə saxlayıb. O bildirib ki, 2017- ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya hesabatı layihəsində dərc olunmuş məlum məqalə ilə bağlı belə bir araşdırma başlanılıb və mülki iş açılıb: “Biz İngiltərəyə köçürülmüş pul vəsaitlərinin qanuni mənbəyini təsdiq edən sənədləri araşdırmaya təqdim etmişik və mətbuatda yayılmış xəbərin əsassız olduğunu bildirmişik. Məsələyə İngiltərə məhkəməsində baxılmasını istəmişik və inanırıq ki, məhkəmə hər iki tərəfin arqumentlərini ədalətli şəkildə dəyərləndirəcək. Belə bir məsələnin araşdırılması İngiltərədə qəbul olunmuş yeni qanunvericiliyin tətbiqi ilə bağlıdır. Yeni qanuna görə İngiltərəyə daxil olmuş bütün vəsaitlərin mənbəyi bir daha yoxlanılmalıdır və biz də bunu normal hal kimi qəbul edirik”.

Qeyd edək ki, yayılan məlumata görə, Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyevə və yaxınlarına məxsus bank hesablarındakı 15 milyon funt sterlinq (20.5 milyon dollar) vəsaiti müsadirə etməyi planlaşdırır.