Çində gündəlik yoluxma 30 mini ötüb –Bütün əyləncə məkanları, məktəblər, ticarət mərkəzləri bağlanıb

Çində pandemiyanın hazırkı dalğasında sutkalıq yoluxma sayı 30 mini ötüb.

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, ötən sutka ölkədə 31 min 444 yoluxma, o cümlədən 27 min 517 asimptomatik yoluxma və bir ölüm qeydə alınıb.

Bu, hazırki dalğada ən yüksək sutkalıq yoluxma sayıdır.

Ümumiyyətlə, oktyabrın son günlərindən başlayaraq Çində epidemik vəziyyət ağırlaşır. Yoluxmaların əsas ocaqları paytaxt Pekin, ölkənin xarici ticarət qapısı və əsas istehsal mərkəzlərindən hesab olunan Quancou şəhəridir. Bundan əlavə, Çinin əhali sayına görə ən iri bələdiyyəsi olan Çonçin (31 milyon sakini var), habelə Cencou şəhəri və Daxili Monqolustan muxtar bölgəsidir.

Bəzi şəhərlərdə tam və ya məhəllələr üzrə qapanmalar tətbiq olunur. Belə ki, 19 milyon əhalisi olan Quancounun 8 rayonunda, Çonçinin 11 rayonunda qapanma elan edilib. Yaşayış məntəqələrindəki riskli zonaların sakinləri üçün “evdə qal” rejimi tətbiq olunur. Quancou şəhərində yoluxanların sayının çoxalması səbəbindən 250 min yerlik modul xəstəxanaların inşasına qərar verilib. Şanxay, Şencen, Çendu kimi yoluxma aşkarlanan digər yaşayış məntəqələrində də kütləvi test prosesi icra olunur. Epidemik vəziyyətin ağırlaşması səbəbindən şəhərlərarası səyahətlər məhdudlaşdırılıb.

Son 3 gündə paytaxtda sutkalıq yoluxma sayı 1000-dən çox olub. Pekinin səlahiyyətli qurumları virusla mübarizə tədbirləri çərçivəsində şəhərdə bir neçə gündür tətbiq olunan karantin tədbirlərini daha da sərtləşdirib. Belə ki, paytaxtdakı bütün əyləncə və istirahət məkanları, o cümlədən parklar, muzeylər, kinoteatrlar, fitnes mərkəzləri, internet kafelər bağlanıb. Bundan başqa, xidmət sektoru üzrə məkanlar, o cümlədən gözəllik salonları fəaliyyətini dayandırıb. Apteklər, ərzaq və gündəlik tələbat malları mağazaları istisna olmaqla bütün ticarət obyektləri bağlanıb. Həmçinin ofis binalarında iş fəaliyyəti məhdudlaşdırılıb. Şirkət, idarə və təşkilatlara mümkün olduğu halda onlayn işləmək tövsiyə olunub.

Noyabrın 24-dən isə paytaxtda daha bir qayda qüvvəyə minib. Son 48 saatda verilmiş koronavirus testinin neqativ nəticəsi olmadan heç bir məkana, o cümlədən dövlət qurumlarının binalarına, ofis mərkəzlərinə, mağazlara daxil olmaq, habelə ictimai nəqliyyatdan istifadə etmək mümkün olmayacaq. Bu səbəbdən sakinlər demək olar ki, hər gün test verirlər. Ödənişsiz qaydada fəaliyyət göstərən səyyar test məntəqələrinin sayı 5 minə çatdırılıb. Səhər saat 06:30-da açılan test məntəqələrinin qarşısında uzun növbələr yaranıb.

Artıq 10 günə yaxındır ki, Pekin də daxil olmaqla Çinin bir neçə iri şəhərində orta məktəblərdə, ali təhsil ocaqlarında dərslər distant formada təşkil olunur. Universitetlərin kampusları, istehsal müəssisələri qapalı rejimdə fəaliyyət göstərir. Kafe və restoranlarda yerində xidmətlər dayandırılıb. Səhiyyə Komitəsi ciddi ehtiyac olmadığı halda sakinlərə evlərini tərk etməməyi tövsiyə edib. Bu səbəbdən 25 milyona yaxın sakini olan Pekinin adi günlərdə izdihamlı olan küçə və yollarında sakitlik hökm sürür.

Qeyd edək ki, Çin hakimiyyəti iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, “Sıfır COVID” strategiyasında israrlıdır. Bu strategiya ölkəyə giriş-çıxışın xeyli məhdudlaşdırılmasını, yoluxma aşkarlanan yaşayış məntəqələrində sərt karantin rejiminin, o cümlədən qapanmaların, kütləvi test prosesinin tətbiqi, yoluxanların və yoluxanlarla təmasda olanların təcrid edilməsi ilə yoluxma zəncirini dayandırmağı nəzərdə tutur. Çin sərt karantin qaydalarını hələ də qüvvədə saxlayan azsaylı ölkələrdəndir.

Əvvəlki məqalə

Bu gün hansı komandalar qarşılacaq? –

Sonrakı məqalə

Mundiallar tarixində qol vuran ən gənc 10 futbolçu –