“DİM sual kartlarını nə üçün yığır? Nəticələr niyə gec açıqlanır?” –Ekspertdən suallar

DİM bir ay bundan öncə keçirilən buraxılış imtahanlarının nəticələrini ötən gün elan edib.
Qurum açıqlayıb ki, gecikmə kodlaşdırıla bilməyən, imtahan verənlər tərəfindən əl ilə yazılan sualların yoxlanılması ilə bağlı olub.
Bu tip yazı işlərinin yoxlanılması kompüterlər tərəfindən deyil, onlayn formada, dədə-baba qaydasında, qabaqcadan hazırlıq keçən markerlər tərəfindən həyata keçirilib. DİM yoxlayanları identifikasiya etmək üçün biometrik texnologiyalardan da istifadə edib. Qurum yazı işlərinin yoxlanılması üçün öz resursları hesabına xüsusi proqram təminatı da hazırlayıb.
Maraqlı məqam odur ki, DİM bu proseslərə nə qədər texnologiya tətbiq etsə də emal prosesini sürətləndirə bilməyib.
Fikrimcə bir aylıq proses kifayət qədər uzun bir zamandır. Bildiyim qədər yazılı cavab tələb edən, yəni kompüterlər tərəfindən deyil, markerlər tərəfindən yoxlanılan sualların sayı 25-dir. Yəni, belə qənaətə gəlmək olar ki, cəmi 25 suala görə DİM bir ay vaxt sərf etməlidir ki, cavabları təqdim edə bilsin.
Buradan belə qənaətə gəlmək olar ki, bu prosesdə nələrsə düzgün qurulmayıb.
İlk öncə ağla gələn variant odur ki, güman ki, DİM-in maliyyə imkanları yetərli deyil, DİM çox yüklənib və bu səbəbdən də daha az resurslarla, az sayda markerlərlə daha çox işlərin görülməsinə çalışırlar.
Fikrimcə , belə yanaşma doğru deyil. Əgər DIM-in resursları yetərli deyilsə hökumətə müraciət etməlidir ki, imtahanların daha çevik və effektiv formada təşkili üçün əlavə vəsaitlər ayırsın. Əgər DİM-in resursları yetərli deyilsə və hökumətdən də vəsaitlər almaqda çətinliklər varsa onda DİM müəyyən müddət üçün yazılı cavablar tələb edən suallardan imtina edib, onların əvəzinə kodlaşdırıla bilən açıq tipli testlər salması da vəziyyətdən çıxış yolu ola bilərdi.
İkinci diqqət cəlb edən məsələ odur ki, DİM İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün 25 aprel tarixindən etibarən onlayn apellyasiya prosesi təşkil ediləcək.
Amma maraqlıdır ki, imtahan verənlərin əlində sual kartları yoxdur. DİM sual kartlarını təqdim etməyib. Dəfərlərlə bu haqda bildirmişik ki, bu doğru bir yanaşma deyil. Sual kartlarının imtahan verənlərə təqdim edilməsi vacibdir və faydalıdır.
Yenə də güman etmək olar ki. DİM-in test bazası yetərli olmadığından imtahanlara təkrar testlər salmağa məcburdur. Odur ki, sui-istifadənin qarşısını almaq üçün DİM cavab kartlarını yığmaq məcburiyyətindədir. Bu isə yolverilməzdir.
Fkrimcə DİM özünün test bazasını qaydaya salmalı və zənginləşdirməli, resurslar cəlb etməklə imtahanlara düşəcək testlərin unikallığını təmin etməlidir. Əlavə resurslar cəlb etməlidir.
Beləliklə, görünən odur ki, DİM imtahan proseslərini nə qədər şəffaf qursa da, imtahanların təşkilinə yetərincə texnologiyalar tətbiq etsə və canlı resurslar cəlb etsə də çeviklik və effektivlik olmadığından problemlər qaçılmaz olur.
Nəzərə almaq lazımdır ki, imtahan nəticələrinin gecikdirilməsi də susi-istifadə üçün, kənar müdaxilələr üçün, şəffaflıqla bağlı məsələlər üçün də müəyyən problemlər yaradır.
Odur ki, DİM qarşıdakı dövrlərdə bu problemlərin həlli üçün ciddi addımlar atmalıdır.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti
Əvvəlki məqalə

Həbsdə vəfat etmiş deputatın qardaşı saxlanıldı

Sonrakı məqalə

Niderlandda rus oliqarxlara məxsus 20 yaxta saxlanılıb –