Dünyada hər 2 dəqiqədən bir ana ölümü baş verir- ÜST və BMT-dən birgə HESABAT

Dünyada hər iki dəqiqədən bir ana ölümü baş verir.

Azpost.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin “Ana ölümünün tendensiyaları” adlı birgə hesabatında bildirilir.

Hesabata görə, ana ölümləri hamiləlik və ya doğuş zamanı qeydə alınır.

“2020-ci ildə 287 min belə ölüm qeydə alınıb. 2000-ci ildən 2015-ci ilə qədər ekspertlər ana ölümlərinin azalmasında əhəmiyyətli irəliləyişlər müşahidə ediblər. Bununla belə, 2016-2020-ci illər arasında ana ölüm nisbəti Avropa və Şimali Amerikada 17 faiz, Latın Amerikası və Karib hövzəsi ölkələrində isə 15 faiz artıb”, – hesabatda qeyd olunur.

Ekspertlərin fikrincə, ana ölümünün ən yüksək mütləq göstəriciləri hələ də dünyanın ən yoxsul bölgələrində və silahlı münaqişələrin olduğu dövlətlərdə qeydə alınır. Məsələn, 2020-ci ildə bütün ana ölümlərinin təqribən 70 faizi Afrikada baş verib.

ÜST-ün Baş Direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, hamiləlik keyfiyyətli səhiyyə xidmətinə çıxışı olmayan milyonlarla qadın üçün son dərəcə çətin və təhlükəli təcrübə olaraq qalır. O, əlavə edib ki, yeni məlumatlar hər bir qadın və qızın doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonra zəruri tibbi yardım almasına imkan verən şəraitin yaradılmasının təcili ehtiyacına işarə edir.

Hesabatda o da qeyd olunur ki, 270 milyona yaxın qadının müasir ailə planlaşdırılması metodlarından istifadə etmək imkanı yoxdur.

Azpost.info

 

Əvvəlki məqalə

Peşə məktəblərində çalışan müəllimlərin maaşı artırıldı

Sonrakı məqalə

Ölkədə yeni regional mədəniyyət idarələri yaradılıb –