Elçibəyin DTK ilə bağlı verdiyi bəyanat üzə çıxdı –“Agent siyahısı açıqlanmayacaq” 

Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin 1992-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyi barədə verdiyi bəyanatın mətnini paylaşıb.

Azpost.info bildirir ki, bəyanat martın 12-də yayılıb.

“Demokratik mübarizəmiz nəticəsində respublikada ayrı-ayrı sahələrdə bəzi islahatlara nail olmuşuq. Lakin imperiya qüvvələrinin Bakıdakı rezidenturası – Milli Təhlükəsizlik Nazirliyi (Dövlət Təhlükəsizlik Komitəsi) toxunulmaz olaraq qalır və Azərbaycan xalqına qarşı xəyanətkar əməllərini davam etdirir.
AXC-də olan son məlumata görə, MTN rəhbərliyi məxfi sənədlərin məhv edilməsi barədə göstəriş vermişdir və həmin sənədlərin məhvinə başlanmışdır. Bu sənədlərin surəti köçürülüb Moskvaya göndərilmişdir. Sonradan onları Azərbaycan xalqına, o cümlədən MTN-nin indiki əməkdaşlarına qarşı istifadə edə bilərlər. Biz bunu müstəqil Azərbaycanın dövlət quruculuğuna arxadan zərbə kimi qiymətləndirir və həmin əməllərin dayandırılmasını qəti tələb edirik.

Qanunvericilik səviyyəsində Azərbaycan Respublikası ərazisində bütün dövlətlərin, başlıca olaraq Rusiya Federasiyasının kəşfiyyat orqanlarının fəaliyyətinin qadağan olunmasının vaxtı gəlib çatmışdır. Azərbaycanın mənafeyini az-çox düşünən hər bir vətəndaş öz imkanı daxilində bu məsələdə ciddi köməklik göstərməlidir.
AXC belə hesab edir ki, MTN (DTK) əməkdaşları da bu xalqın oğullarıdır və onların öz günahlarını yuması hələ gec deyildir. Biz yaxşı bilirik ki, Moskvanın imperiya siyasəti nəticəsində xalqımızın bir çox oğulları çirkin oyunlara cəlb olunmuşdur və bu oyunlardan çıxmaq onların məhvinə səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq AXC öz tərəfindən təminat verir ki, əgər keçmiş rejimin qurbanları qətiyyət göstərib xalqa doğru addım atsalar, müstəqil dövlət quruculuğuna hər hansı şəkildə yardım göstərsələr, arxiv sənədlərinin qorunmasına nail olsalar, bu, lazımınca qiymətləndiriləcəkdir. Müxalifət hakimiyyətə gələrsə, MTN-nin arxiv sənədlərindən ağıllı surətdə istifadə edəcək və bir çox Şərqi Avropa ölkələrində olduğu kimi, ucdantutma bütün arxiv sənədlərinin, o cümlədən agentura şəbəkəsinin siyahısının dərcinə çalışmayacaqdır. AXC ona nail olmaq istəyir ki, həmin sənədlər məhv edilməsin və Azərbaycandan kənara çıxarılmasın.
Əbülfəz Elçibəy.
12 mart 1992-ci il.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AXCP Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası təyin edib

Sonrakı məqalə

İcbari tibbi sığortadan vətəndaşların və həkimlərin qazancı –