Eldar Həsənovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Sabiq səfir Eldar Həsənovun barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.

Proses barədə açıqlama verən Eldar Həsənovun vəkili Valeh Mehraliyev bildirib ki, məhkəmədə ilk olaraq təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verilib. Müdafiəçilər daha sonra məhkəmənin qismən istintaqla aparılmasını istəyiblər. Prosesdə, həmçinin cinayət işi ilə bağlı başqa bir neçə vəsatət qaldırılıb.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Baxış iclası martın 18-nə təyin olunub.

Xatırladaq ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

Sabiq səfir, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

E.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Marsda su da var, külək də –

Sonrakı məqalə

Rusiya-Ukrayna danışıqları başa çatdı –