Elmin zirvəsində dayanan şəxsiyyət –

Azad Mirzəcanzadənin doğum günüdür
29 Sentyabr 2021 - 10:11

Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Mirzəcanzadə Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. O, ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb.

Görkəmli alim Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alıb və dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.

Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlayıb. 1948-1958-ci illərdə AEA-nın Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olub. O, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləyib.

Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edib. Azərbaycan iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak edib.

Alim 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət neft və Sənaye Universiteti) kafedra müdiri işləyib. O, orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.

Azad Mirzəcanzadə 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib.

Görkəmli alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri həllini tapıb. 400-dək elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.

A.Mirzəcanzadə həm də elmin təşkili və idarə olunması prosesində fəal iştirak edib. O, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün bilik və bacarığını əsirgəməyib. Dünya şöhrətli akademikin elmi kadrların və yüksəkixtisaslı neftçi mütəxəssislərin hazırlanmasında əvəzsiz rolu olub, onun elmi məktəbinin davamçıları nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərdə və istehsalat müəssisələrində çalışırlar.

Azad Mirzəcanzadə 2006-cı il iyulun 17-də vəfat edib. Azərbaycanın elmi ictimaiyyəti dünya şöhrətli alim, unudulmaz şəxsiyyət Azad Mirzəcanzadənin xatirəsini daim dərin hörmətlə anır.