“Facebook” və “Instagram” sosial şəbəkələri Rusiya ordusuna qarşı zorakılıq çağırışlarına qoyulan qadağanı ləğv edib.
Azpost.info xəbər verir ki, bu barədə “Meta”nın sözçüsü Endi Stounun bu gün yaydığı bəyanatda deyilir. “Rusiyanın Ukraynaya təcavüzü nəticəsində biz zorakılığa təhrik qadağamızı pozacaq siyasi ifadə formalarına müvəqqəti icazə verdik”, – Stoun deyib.
O, silinməyəcək ifadə, yazı və şərhlərə misal olaraq “Rus işğalçılarına ölüm” şüarını göstərib. Eyni zamanda, “Facebook” və “Instagram” rusiyalı mülki şəxslərə qarşı zorakılıq çağırışlarına qarşı tədbirlər görməyə davam edəcək.
Yenilənmiş qaydalar Azərbaycan, Gürcüstan, Ermənistan, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Ukraynadakı istifadəçilərə şamil edilir.
Rusiyanın ABŞ-dakı səfirliyi Vaşinqtondan Meta şirkətinin bu fəaliyyətinin qarşısını almağı tələb edib. Səfirliyin bəyanatında deyilir ki, Meta şirkətinin bu siyasəti ruslara qarşı nifrət və düşmənçiliyi alovlandırmağa aparır. “Şirkətin bu hərəkəti ölkəmizə qarşı elan edilmiş qaydasız informasiya müharibəsinin daha bir subutudur”-deyə bəyanatda bildirilir.
Azpost.info