FHN-in Dövlət Agentliyinin Sertifikat-Sınaq Mərkəzinə media-tur təşkil olunub –

FOTO
13 Yanvar 2022 - 14:08

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun Sertifikat-Sınaq Mərkəzinə media-tur təşkil olunub.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən institut ən müasir, dünya standartlarına uyğun avadanlıq və sınaq texnologiyalarından ibarət laboratoriyalarla təchiz olunub.

Qeyd olunub ki, institutda müasir avadanlıq və sınaq texnologiyalarından istifadə edilməklə tikintidə mövcud olan inşaat materiallarının müayinə-sınaq işləri, müxtəlif təyinatlı bina və qurğuların müayinəsi, eləcə də onların seysmik dayanıqlığının qiymətləndirilməsi, materialların yanğın təhlükəsizliyinin təyini, geoloji-axtarış və digər işlər həyata keçirilir.

İnstitutda fəaliyyət göstərən laboratoriyalar AZS İSO/İEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub.

İnstitutun strukturunda Müayinə və İnşaat Materiallarının Sınağı üzrə Sertifikat-Sınaq Mərkəzi tərkibində “Materialların yanğın təhlükəsizliyi”, “Fiziki-kimyəvi analiz”, “Təbii və keramik divar daşları, üzlük materialları”, “Beton və dəmir-beton texnalogiyası və qatqıları”, “Asfalt-asfaltbeton”, “Bina və qurğuların elektirik təchizatının müayinəsi”, “Mühəndis geologiyası”, “İnşaatda ekoloji problemlər”, “Mülki və sənaye tikintisi” və digər ixtisaslaşmış tikinti laborratoriyaları eləcə də 4 regional müayinə-sınaq laboratoriyası fəaliyyət göstərir.

“Materialların yanğın təhlükəsizliyi” laboratoriyasının fəaliyyət istiqaməti tikinti materiallarının və məhsulların yanğına davamlılığının öyrənilməsi və standart üsulların tələblərinə uyğun dəqiq sınaq nəticələrinin aparılmasına yönəlib. Laboratoriyanın əməkdaşları xarici ölkələrdə təlim keçib və müvafiq sertifikatlar alıblar. Laboratoriyada yanğın qruplarının müəyyən edilməsi, alovun yayılma sürətinin, tüstü əmələgətirmə əmsalının, alovlanma və alışma temperaturun təyini kimi sınaqlar aparılır.

“Fiziki-kimyəvi analiz” laboratoriyası isə Türkiyə və Avropa istehsalı olan laboratoriya avadanlıqları ilə təchiz olunub. Quraşdırılan optik və rentgen spektrometrləri metaldan, filizdən, sementdən, çınqıldan və s. olan nümunələrin analizə hazırlığını, analizin aparılmasını və materialın kimyəvi tərkibi haqqında dəqiq məlumatın alınmasını təmin edir. Bundan başqa, yeni X-ray SPECTRO XEPOS cihazı və yeni unikal proqram təminatı Turbo Quant vasitəsilə laboratoriyada qısa zamanda istənilən naməlum maye, toz və bərk nümunələri analiz etmək mümkündür.

“Təbii və keramik divar daşları, üzlük materialları” laboratoriyası çoxmərtəbəli, eləcə də sənaye binalarının inşası zamanı əsas yükdaşıyan və öz yükünü qəbul edən konstruksiyaların hazırlanmasında istifadə olunan tikinti materiallarının öyrənilməsində və istehsalata tətbiq edilməsində yaxından iştirak edir. Burada təbii xammallar kimi dağ süxurları, çöküntü süxurları əsasında alınan divar daşlarının, dekorativ üzlük tavaların xassələrinin müasir sınaq üsulları ilə öyrənilməsi, məhsulun tikintidə tələb olunan layihəyə uyğunluğunun müəyyən edilməsi və istehsalata tətbiq edilməsi təmin olunur.

“Beton, dəmir-beton texnologiyası və qatqıları” laboratoriyası beton sınaqları, konstruksiyaların müayinələri, beton və dəmir-beton texnologiyası sahəsində müxtəlif tədqiqatlar və konsaltinq xidmətləri göstərməkdədir. Tədqiqat və sınaq işləri daima genişləndirilir, testlərin həyata keçirilməsi təmin olunur. Konstruksiya, qurğu və binaların müayinəsi ən müasir metodlarla həyata keçirilir. Müayinə metodlarının təkmilləşdirilməsi və genişləndirilməsi, sınaq metodlarında Avropa standartları və digər müasir normativ-texniki sənədlərin mənimsənilməsi işi aparılır.

“Asfalt-asfaltbeton” laboratoriyası respublikada inşa edilən beynəlxalq və ölkədaxili avtomobil yollarının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin layihə tələblərinə eləcə də, qüvvədə olan norma və tələblərə uyğunluğunun yoxlanılmasında iştirak edir. Layihələrdə istifadə edilən inşaat materiallarının keyfiyyət göstəriciləri müasir avadanlıq və sınaq texnologiyalarından istifadə edilməklə sahə və laboratoriya şəraitində yoxlanılır.

“Mülki və sənaye tikintisi” laboratoriyası tikintinin müxtəlif sahələrində istifadə edilən inşaat materiallarının keyfiyyət göstəricilərinin öyrənilməsi, onların daha da yaxşılaşdırılması üçün təkliflərin hazırlanması, tikintiyə yeni mütərəqqi materialların cəlb edilməsi istiqamətində işlər aparır.

“Bina və qurğuların elektrik təchizatının müayinəsi” laboratoriyası yaşayış komplekslərində, habelə dövlət əhəmiyyətli obyektlərdə elektrik təsərrüfatının müayinə-sınaq işlərini realizə edir. Laboratoriyada baş və digər paylayıcı lövhələrə qədər mövcud torpaqlanma sisteminin yoxlanılması, kabellərin diaqnostikası, avtomat açarların və elektrik avadanlıqlarının yoxlanması, işıqlandırma dərəcəsinin ölçülməsi, ildırım ötürücülərin torpaqlanma müqavimətlərinin ölçülməsi və s. istiqamətlərdə müayinələr aparılır. Burada eyni zamanda obyektlərdə müayinə-sınaq işlərinin aparılması üçün, beynəlxalq standartlara cavab verən və müasir cihaz və avadanlıqlarla təchiz olunmuş “Səyyar laboratoriya” mövcuddur.

“Mühəndis geologiyası” laboratoriyası qruntların fiziki-mexaniki xüsusiyyətlərinin təyinini, sınağını, qrunt tərkibinin dövlət və beynəlxalq ASTM, BS, TS standartlarına əsasən təsnifatı üçün onların xüsusiyyətlərini təyin edir. Laboratoriya ABŞ, Almaniya, Türkiyə, Rusiya və digər xarici ölkələrin yüksək dəqiqlikli avadanlıqları ilə təchiz olunub. Burada mühəndis-geoloji axtarış işlərinə və qurğuların sınaqlarına dair elmi-tədqiqat işlərinin təşkili, lazımi texniki cihaz və avadanlığın hazırlanması və işlərin aparılması həyata keçirilir.