“Fotoxronika”: AXC-nin Sürət Hüseynovu xəyanətdə ittiham edən fevral BƏYANATI –

Fərəc Quliyev bu sənədi niyə imzalamışdı? (FOTO)
21 Fevral 2020 - 21:07

27 il əvvəl -1993-cü ilin fevralında verilmiş bir bəyanat Azərbaycan ictimai-siyasi mühitində ildırım kimi çaxdı.

Azərbaycan Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevin imzaladığı bəyanat Elçibəy hakimiyyətində ciddi təlatüm yaradaraq daxili diskussiyalara rəvac verdi.

Hakimiyyətdə olan AXC-nin İcraiyyə Komitəsi ölkədə hərbi məğlubiyyətlərə qarşı etiraz edərək səbəbkarları cəzalandırmağı tələb edirdi.

Bu bəyanat korpus komandiri olan Sürət Hüseynovun adını Azərbaycan tarixinin üst qatına çıxartdı. AXC S.Hüseynovu vətənə xəyanətdə ittiham edərək onu Ağdərəni müdafiəsiz qoymaqda günahlandırdı.

Bəyanatda deyilirdi: “Xüsusilə Ağdərə hadisələri bizi ciddi narahat edib. Azərbaycan prezidentinin Ağdərədə müdafiə xəttinin möhkəmləndirmək əmrinə baxmayaraq korpus komandiri Sürət Hüseynov başçılıq etdiyi korpusu və hərbi texnikanı döyüş mövqeyindən çıxararaq Gəncəyə aparmış və indi işğal olunmuş  Ağdərə kəndlərini müdafiəsiz qoymuşdur.

Baş vermiş hadisələr bir daha subut edir ki, planlı şəkildə aparılmış bu təxribatın arxasında geniş miqyasda dövlət çevrilişini hazırlamaq niyyətində olan qüvvələr durub.  Sürət Hüseynovun ali baş komandanın əmrini yerinə yetirməməsi hərbi cinayət hesab edilməli, Ağdərə hadisələrində təqsiri olanlar cinayət məsuliayyətinə cəlb olunmalıdlr.

AXC İcraiyyə Komitəsi belə hesab edir ki, ən qısa müddət ərzində Müdafiə Nazirliyinin strukturnda ciddi dəyişikliklər edilməlidir”.

Fərəc Quliyevin imzaladığı bu bəyanat Sürət Hüseynovun etirazına səbəb olmuşdu. AXC höküməti yaranmış siyasi böhranı birtəhər yoluna qoya bilsə də AXC-nin bu bəyanatı siyasi proseslərin taleyini həll edəcək bir amilə çevrildi.

3 aydan sonra – 1993-cü ilin iyununda polkovnik Sürət Hüseynov AXC hakimiyyətinə qarşı hərbi qiyam qaldırarkən istinad etdiyi bir detal da bu bəyanat olmuşdu.

Azpost.info