Qarabağ problemi Azərbaycanda siyasi prosesləri yerindən oynadan əsas müstəvi olub. Ermənistanın torpaqlarımızı ələ keçirmək üçün xain cəhdi 80-ci illərin sonunda etiraz hərəkatını yaradan böyük bir dalğanı meydana çıxartdı.
1990-1993-cü illər Qarabağ daxili siyasi proseslərin əsas məhək daşına çevrilmişdi. Problem bir, həllinə dair təkliflər isə min idi.
Azpost.info “Fotoxronika” layihəsi çərçivəsində bu fotonu təqdim edir.
5 fevral 1992-ci il. Ali Sovetin Sədri Elmira Qafarova, birinci müavin Ziyad Səmədzadə, müavin Tamerlan Qarayev və deputat, Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü İsa Qəmbər rəyasət heyətində…
1992-ci il fevralın 5-6-da Ali Sovetin iclas zalında o dövrün gərgin fonunda iqtidar və müxalifəti bir araya gətirəcək tədbir baş tutub. Azərbaycan prezidenti Ayaz Mütəllibovun və Azərbaycan Xalq Cəbhəsinin birgə iştirakı ilə Qarabağla bağlı Xalq Müşavirəsi keçirilib.
Toplantında Prezident Ayaz Mütəllibov Qarabağ münaqişəsinin həlli ilə bağlı çxış edib. AXC isə böhranın həlli üçün lazım olan zəruri təklifləri səsləndirib.
O zaman deputat olmuş, AXC İdarə Heyətinin üzvü Arif Hacılının xatırlamasına görə, bu Xalq Müşavirəsində hakimiyyətə Qarabağın müdafiəsi, xüsusilə Xocalı və Şuşanın qorunması üçün konkret təkliflər veriblər, bunun üçün mövcud olan resurslarımızı təklif ediblər: “Günün birinci yarısında səmərəli müzakirələr getdi, Ayaz Mütəllibov da çıxış etdi. Fasilədən sonra vəziyyət dəyişdi. Hakimiyyət nümayəndələri heç bir məsələdə konkret razılığa gəlmədilər. Əslində real səlahiyyət sahibləri kənara çəkdildilər. Mütəllibov sonrakı iclasa ümumiyyətlə gəlmədi”.
Belə görünür Qarabağla bağlı birgəfəaliyyət üçün razılığa gəlmk mümkün olmayıb.
20 gündən sonra Azərbaycanı sarsıdan Xocalı soyqırımı baş verəcək, ondan sonra Ayaz Mütəllibov postundan gedəcəkdi.
Qarabağ isə bu günə qədər qalır!