Azpost.info “Fotoxronika” layihəsi çərçivəsində bu nadir fotonu təqdim edir.
Bakı. Sentyabr. 1992-ci il.
Britaniyanın “Britiş Petrolium” (BP) şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında ilk neft sazişinin imzalanma mərasimi.
Mərasimdə Britaniyanın sabiq Baş naziri Marqaret Tetçer iştirak edib.
Sazişi BP-nin prezidenti Braun və ARDNŞ-in prezidenti Sabit Bağırov imzalayır.
Bu saziş 4 maddədən ibarət olub. Mətni indiyə qədər açıqlanmayıb.
Bir neçə il əvvəl SOCAR-ın sabiq prezidenti Sabit Bağırov Strateq.az-a müsahibəsində deyib ki, xanım Tetçer 1992-ci ildə Bakıya gələndə BP-nin arzuladığı 2 memorandum – həm “Çıraq”, həm də “Şahdəniz” üzrə imzalandı.
SOCAR-ın sabiq rəhbəri qeyd edib ki, Bakı Britaniya ilə deyil, BP ilə danışıqlar aparırdı: “Özü də tək BP ilə deyil. O zaman xarici şirkətlər Konsorsiumunda aparıcı rol ABŞ-ın AMOKO şirkətində idi. Ümumiyyətlə Konsorsiumun bütün üzvləri ilə danışıqlar gedirdi. Ekspertlər səviyyəsində də böyük iş gedirdi. ARDNŞ-nin bir çox mütəxəssisi müzakirələrdə iştirak edirdi”.
1992-ci ildə Britaniyanın sabiq Baş naziri Marqaret Tetçer neft danışıqlarında lobbiçilik etmək üçün Azərbaycana səfər edib.
S.Bağrov bildirib ki, müqavilənin ratifikasiyası üçün 2 ay vaxt çatmadı. 1993-cü ildə Gəncədə iyun qiyamı ilə AXC hakimiyyəti devrildi.
Azpost.info