“Fotoxronika”: Xəncərlə qətl edilən “Yusif Sərrac” –

Xomeynini İrana buraxmaqla ölkənin taleyini dəyişən Baş nazir  
04 Oktyabr 2019 - 21:45

Azpost.info “Fotoxronika” rubrikasında sizə növbəti şəkili təqdim edir.

40 il əvvəl-1979-cu ildə İranda baş vermiş inqilab nəticəsində monarxiya devrildi. Məhəmmədrza Şah Pəhləvi və ailəsi ölkədən qaçdı. Bu inqilab indi də dünya tarixşünaslığında maraqla öyrənilir.

Mürəkkəb proseslərdən keçən İran inqilabı müxtəlif illərdə özünün liderlərini də yetişdirib.

Bu fotoda İran şahının 1979-cu ildə təyin etdiyi sonuncu baş nazir Şapur Bəxtiyardır.
Ş.Bəxtiyar İranda demokratik hərəkatın rəhbərlərindən olub. 50-60-cı illərdə Şaha qarşı gedən siyasi mübarizənin əsas qüvvəsi sayılan İran Milli Cəbhəsi Partiyasına liderilik edib. Dəfələrlə həbsxanaya düşüb.

1979-ci ildə ölkədə başlanmış siyasi böhran və inqilabın qarşısını almaq üçün Məhəmmədrza Şah onu İranın baş naziri təyin edir. Bununla şah dünyəvi müxalifətlə dini müxalifətin parçalanacağına ümid edirdi.
37 günlük baş nazir olarkən Bəxtiyar bütün siyasi məhbusları azad edir, senzuranı götürür, SAVAK-ı buraxır.

Dini müxalifətin Fransada mühacirətdə olan rəhbəri Ruhulla Xomeyninin vətənə qayıtmasına icazə verir.

Bu addımını o, cəmiyyətdə barış üçün atdığını bildirir.

Müxalifətdən xahiş edir ki, ona Müəssislər Məclisinə seçki keçirmək üçün 3 ay vaxt versinlər…

Bu seçki İranın yeni dövlət quruluşunu müəyyən etməli idi.

Amma müxalifətin daha parlaq lideri sayılan Xomeyni belə düşünmürdü.
Xomeyni İrana qayıdan kimi Bəxtiyarın hökümətini qeyri-qanuni elan etdi və monarxiyanın devrilməsinə çağırdı.
Belə də oldu. Şah devrildi. Şapur Bəxtiyar İrandan qaçdı.

İran inqilabı ilə bağlı tarixşünaslıqda Şapur Bəxtiyarın ən ciddi səhvi kimi Xomeynin İrana qayıtmasına icazə verməsini göstərirlər. Bu qərarla Bəxtiyar özünün və İranın taleyini həll etdi. 1991-ci ildə Parisdə “Hizbullah” tərəfindən xəncərlə öldürüldü.

İran inqilabı 20-ci əsrin ən maraqlı və mürəkkəb hadisələrindən biridir.