“Futbolçularım çox böyük zəfər qazandı” –

Qurban Qurbanov
04 Noyabr 2021 - 22:36

“Çox yaxşı komandaya qalib gəldik. Hər iki oyunda 90 dəqiqə meydanda yaxşı mübarizə getdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Kayrat”la keçirilən oyun barədə danışarkən deyib.

Azərbaycan təmsilçisi Bakıda olduğu kimi, Almatıda baş tutan qarşılaşmada da 2:1 hesablı qələbə qazanaraq, xallarının sayını 10-a yüksəldib.

Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: “Bu gün qələbə həddən artıq vacib idi. Dünən də demişdim ki, bu matçda Bakıdakından daha yaxşı oynamalıyıq. Hava şəraitinə, meydançanın durumuna baxmayaraq, futbolçularım bütün çətinliklərə dözdü. Qalib gəlmək üçün ən yaxşısını etdilər. Burada da müdafiədə oturmadıq, daim irəli çıxmağa çalışdıq. Çünki “Kayrat” bir az imkan verəndə topla çox yaxşı davranır və yaxşı oyun üslubları var. Hər iki komandanın qapısı qarşısında qol epizodları oldu. İstənilən halda futbolçular oyun nizam-intizamını qorumağa çalışdılar. Düşünürəm ki, futbolçularım çox böyük zəfər qazandı”.