Gürcüstan “altılıq formatı”nda iştirakla bağlı Rusiyanın təklifindən imtina edib

25 Noyabr 2021 - 09:37

Gürcüstan “3+3” regional əməkdaşlıq formatında iştirak imkanını nəzərdən keçirməyəcəyini bəyan edib.

Noyabrın 24-də Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriroqri Karasin ilə Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze arasında növbəti onlayn görüş keçirilib.

Görüşdə hər iki ölkənin xarici işlər və nəqliyyat nazirliklərinin nümayəndələri iştirak ediblər.

Müzakirədə iki ölkə arasında təhlükəsizlik və humanitar sahədə əməkdaşlığın inkişafı üçün danışıqların Cenevrə formatının əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflər iqtisadi-ticarət, nəqliyyat, əmlak və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivlərini nəzərdən keçiriblər.

Eyni zamanda, Abxaziya və Tsixinvali regionundakı gərgin vəziyyət, insan hüquqlarının pozulması, eləcə də Gürcüstanın “3+3” regional əməkdaşlıq formatında iştirakı barədə məsələlər diqqət mərkəzində olub. Gürcüstan tərəfi bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirməyəcəyini bəyan edib.