Gürcüstan müxalifəti fövqəladə vəziyyətin uzadılmasına qarşı çıxıb

22 Aprel 2020 - 12:36

Gürcüstan parlamentinin iclasında ölkədə fövqəladə vəziyyət rejiminin mayın 22-dək uzadılması məsələsinə baxılır.

“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanda təmsil olunan müxalifət partiyaları müddətin uzadılmasına qarşı çıxıb.

Avropalı Gürcüstan Partiyasından olan deputat Giqa Bokeria ölkədə tətbiq olunan məhdudiyyətləri absurd adlandırıb. O, təmsil etdiyi partiyanın fövqəladə vəziyyətin müddətinin uzadılmasını dəstəkləməyəcəyini deyib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının fraksiya rəhbəri Roman Qotsiridze də məsələyə öz etirazını bildirib. Onun sözlərinə görə, hökumət bir sıra səhvlərə yol verib və fövqəladə vəziyyət elan olunmamışdan öncə iqtisadi plan təqdim edilməli idi.