Gürcüstan Rusiyadan metro vaqonları almaqdan imtina etdi- Müqavilə ləğv olunur

Tbilisi meriyası ABŞ sanksiyalarına məruz qalan Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə müqaviləni ləğv edəcək.

Azpost.info xəbər verir ki, bu barədə şəhər administrasiyasından bildiriblər.

“Tbilisi meriyası sanksiya tətbiq edilən şirkətlə əməkdaşlıq etmək niyyətində deyil və “Metrovaqonmaş”la müqaviləyə xitam veriləcək”, – məlumatda deyilir.

Meriya 2021-ci ilin martında “Metrovaqonmaş”la vaqonların tədarükünə dair müqavilə imzalayıb. Rusiya şirkəti Tbilisi metrosu üçün 40 yeni vaqonun tədarükü üzrə tenderin qalibi olub. Müsabiqə Avropa Yenidənqurma və İnkişaf Bankının birgə maliyyələşdirməsi ilə təşkil olunub. Ötən ilin martında bank vaqonlar üçün Rusiya şirkətinə 50 milyon avroya yaxın ödənişi dayandırıb.

Fevral ayında Tbilisi meriyası “Metrovaqonmaş”la müqaviləni pozmamaq barədə qərar qəbul etdiklərini açıqlamışdı.
“Bizə uyğun qiymətə alternativ vaqon tədarükçüsü tapa bilmədiyimiz və tenderin növbəti mərhələlərinə keçidin alış qiymətinin 30-35 faiz bahalaşacağını nəzərə alaraq, mövcud təchizatçı ilə danışıqları yekunlaşdırmağa çalışırıq”, – şəhərin vitse-meri İrakli Xmaladze bildirmişdi.

Mayın 19-da ABŞ Maliyyə Nazirliyi “Metrovaqonmaş”ı sanksiyalar siyahısına daxil edəndən sonra Gürcüstan hökuməti geri addım atmalı oldu.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan nefti ucuzlaşıb

Sonrakı məqalə

Jurnalistlər Günnüt əməliyyatı nəticəsində azad olunan ərazilərdə olublar-